Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarının hər zaman uca tutulduğunu Davosda bir daha bəyan etdi
1971-ci ildən keçirilən, beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə edildiyi və artıq qlobal platforma hesab olunan Davos İqtisadi Forumu təkcə müasir dünya iqtisadi siyasətinə deyil, eləcə də beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. 48-ci Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər həm iqtisadi, həm də siyasi baxımdan mühüm önəm kəsb edir.
Aktor.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.
Elçin Əhmədov bildirib ki, Azərbaycan artıq 13-cü dəfədir dövlət başçısı səviyyəsində Dünya İqtisadi Forumunda çox uğurla təmsil olunur. Azərbaycan Prezidenti İlham Əliyev Forum çərçivəsində 30-a yaxın görüş keçirib və bir sıra iclaslarda iştirak edib. Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasda çıxış edən dövlətimizin başçısı müasir dövrdə Azərbaycanın dinamik inkişaf göstəriciləri, eləcə də dövlət siyasətinin prioritet istiqamətləri haqqında müfəssəl məlumat verdi. Azərbaycan həqiqətlərini diqqətə çatdıran Prezident qeyd etdi ki, demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı olub. Bu mənada, Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşuları ilə – Xəzərin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistan daxil olmaqla, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı münasibətlərə malik olduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti qonşularla əlaqələrin əhəmiyyətini qeyd edərək deyib: “…Hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, xüsusilə də bizim regionda. Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil və biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik. Bunun ən yaxşı yolu isə öz ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır”.
Bu siyasətin milli maraqlarımıza əsaslandığını və heç bir qonşu dövlətin maraqlarına zidd olmadığını bildirən dövlət başçısı coğrafi baxımdan əsas qonşularından kiçik olan ölkə üçün düzgün balansı tapmaq və bu qonşuluqdan üstünlük kimi istifadə etməyin çox vacib olduğunu bildirib: “…Çünki böyük qonşular həm də böyük bazar deməkdir. Bizim üçün isə ən yaxşı bazar qonşu dövlətlərin bazarlarıdır. Beləliklə, qarşılıqlı maraq, maraqların balanslaşdırılması və digərlərinin daxili işlərinə müdaxilə olunmaması, habelə regionda əməkdaşlıqla bağlı praqmatik yanaşmanın mövcudluğu ölkəmizin uğurlarının, daxili sabitliyin və yaxşı gələcək perspektivlərin səbəblərindəndir”.
Bununla yanaşı, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, həmçinin neft və qazdan asılılığının azaldılması səyləri haqqında danışan Prezident postneft dövrünün, ciddi islahatların həyata keçirilməyə başlandığını və bunun artıq yaxşı nəticələr verdiyini, 2017-ci ildə iqtisadiyyatımızın qeyri-neft sektorunun təqribən 3 faiz və qeyri-neft sənayemizin 4 faiz artdığını bildirərək əsas gəlir mənbələri kimi texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatı sahələrini nəzərdən keçirdiyimizi diqqətə çatdırıb: “…Bununla yanaşı, biz anlamalıyıq ki, neft-qaz iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edəcəkdir. Ancaq artıq bu gün qeyri-neft sektoru ümumi daxili məhsulun təqribən 70 faizini təşkil edir. Bizim hədəfimiz ixracımızı şaxələndirmək və ixracyönümlü qeyri-neft məhsullarının siyahısını genişləndirməkdir”.
Enerji layihələrinə gəldikdə, Azərbaycan Prezidenti İlham Əliyev onların bizim üçün və region üçün əhəmiyyətli olduğunu, eləcə də təşəbbüskarı olduğumuz layihələrin regionun enerji xəritəsini dəyişdiyini bildirib: “…Gürcüstanın Supsa limanına qədər inşa etdiyimiz ilk kəmər Xəzər dənizini Qara dənizlə birləşdirdi. Daha sonra inşa etdiyimiz Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. Bundan sonra həmin marşrut boyu biz qaz kəmərini də inşa etdik. Beləliklə, biz karbohidrogen ehtiyatlarımız üçün şaxələnmiş ixrac marşrutlarına malikik və geniş mənada tərəfdaşlarımızın, o cümlədən Avropada olan tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edirik. Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. İki-üç ildən – “Cənub Qaz Dəhlizi” layihəmiz uğurla icra olunandan sonra onlar bizim təbii qaz ehtiyatlarımıza da çıxış əldə edəcəklər”.
Bununla yanaşı, nəqliyyat layihələrimiz haqqında danışan dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin isə regionun nəqliyyat xəritəsini dəyişdirdiyini bildirərək qeyd edib ki, bu gün bu, Çindən Avropaya olan ən qısa marşrutdur – əvvəllər bu məsafə 30-35 gün ərzində qət olunurdusa, artıq bu gün iki həftə ərzində qət edilir. Beləliklə, bu nəqliyyat və enerji şaxələndirilməsinin yeni xəritəsidir və düşünürəm ki, açıq okeana çıxışı olmayan bir ölkə kimi Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilmişdir. Ancaq əlbəttə ki, hələ də görüləcək işlərimiz var. Gələcək neft və qazdan ibarət deyil, onlar bir gün tükənəcəkdir. Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır.
Bütün bunlarla yanaşı, Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olduğunu vurğulayan Prezident İlham Əliyev bu siyasətin milli maraqlarımıza söykəndiyini, bizim ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmadığımızı bəyan etdi: “Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub. Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik”.