Manşet

Həmsədrlərə inam və etimad qalmayıb – ATƏT PA-nın vitse-prezidenti

Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən partlayışlar işğalçı Ermənistanın növbəti avantürası üçün bəhanə oldu. Belə ki, Ermənistan hakimiyyəti partlayış nəticəsində zərər çəkmiş Livan ermənilərini beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə Cenevrə Konvensiyasına zidd olaraq Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmağa başlayıb. Ötən illərdə də Ermənistan Suriyada baş verən hərbi əməliyyatlardan sui-istifadə edərək, orada yaşayan ermənilərin bir hissəsini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmüşdü.Bu fikirləri AZƏRTAC-açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev söyləyib.

Açıqlamada deyilir: “Bəs, Ermənistan rəhbərliyinin bu cür qanunsuz addımlar atmaqda və yüz faiz riskli ərazilərə soydaşlarını yerləşdirməkdə (bəzən aldadaraq və şirnikləndirici təkliflər verərək) əsas məqsədi nədən ibarətdir? Burada iki mühüm məqama diqqəti cəlb etmək lazımdır.

Birincisi, Ermənistan bu yolla Dağlıq Qarabağda kəskin şəkildə azalmış ermənilərin sayını süni şəkildə artırmaq, digər tərəfdən isə hərbi xidmətə yararlı olanları səfərbərliyə cəlb etməklə ordudakı canlı qüvvə çatışmazlığını aradan qaldırmaq istəyir.

İkincisi isə Ermənistan yaxşı bilir ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və zəbt edilmiş ərazilərini – Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonunu hansı yolla olsa işğalçılardan təmizləyəcək. Azərbaycan xalqının iradəsi və tələbi, ordumuzun artan gücü, Ali Baş Komandanın qətiyyətli mövqeyi, o cümlədən son günlər qardaş Türkiyə ilə uğurla həyata keçirdiyimiz birgə hərbi təlimlər və digər amillər bu fikri söyləməyə ciddi əsaslar yaradır. Belə olan halda Ermənistan hakimiyyəti nəyə görə istənilən an təmizləmə əməliyyatlarının başlaya biləcəyi riskli ərazilərə yaxın Şərqdən erməniləri köçürməyə davam edir? Məncə, bu sualın cavabı ondan ibarətdir ki, Paşinyan hakimiyyəti Livanda çətin duruma düşən soydaşlarını işğal altındakı 7 rayona yerləşdirməklə mümkün hərbi əməliyyatlar zamanı bu biçarələrdən canlı şit kimi istifadə etmək, Azərbaycanı mülki əhaliyə qarşı güc tətbiq etməkdə və onları öldürməkdə qınamaq üçün “təbii əsaslar” əldə etmək istəyir. Görünür, bununla Ermənistan beynəlxalq rəyi Azərbaycanın əleyhinə yönəldəcəyinə və təmizləmə əməliyyatına müəyyən qədər maneçilik törədəcəyinə ümid edir. Bütün bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin nə qədər məkrli, riyakar və ikiüzlü olduğunu, ən əsası isə faşist mahiyyətini bir daha üzə çıxarır”.

“İndi hamımızın, xüsusilə diplomatiyamızın, parlamentin və vətəndaş cəmiyyəti institutlarının qarşısında duran əsas vəzifələrdən biri Ermənistanın bu məkrli planının qarşısını almaq və beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmaq istiqamətində imkanlarımızı tam səfərbər etməkdən ibarət olmalıdır”, – deyən Azay Quliyev bildirib ki, Azərbaycanın xüsusilə son bir ildə həm diplomatik cəbhədə, həm də informasiya savaşında Ermənistanı xeyli üstələməsi özümüzə inamı daha da artırır. “Biz bu üstünlüyü martın 31-də Ermənistanın Dağlıq Qarabağda səhnələşdirdiyi qondarma seçkilərə və iyulun 12-də Tovuzda törətdiyi hərbi təxribata beynəlxalq ictimaiyyətin, ayrı-ayrı ölkələrin verdiyi reaksiyada, Azərbaycana göstərilən diplomatik və siyasi dəstəkdə də hiss etdik. Bu baxımdan, Ermənistanın qanunsuz məskunlaşdırma planının tam iflasa uğraması və nəticəsiz qalması üçün real imkanların olduğunu düşünürəm. Bunun üçün beynəlxalq təşkilatlarla, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlik institutu ilə daha yaxından işləməli və onların qarşısında konkret məsələ qoymalıyıq. İlk növbədə, həmsədrlərdən Ermənistanın bu qanunsuz hərəkətinə münasibət bildirməyi və onun qarşısını almağı tələb etməliyik. Münaqişənin hərbi yolla həllinin yolverilməz olduğunu, atəşkəsə əməl olunmasının vacibliyini hər bəyanatında qətiyyətlə vurğulayan ABŞ, Rusiya və Fransadan biz də bu dəfə tələb etməliyik ki, eyni istəklə Ermənistanın bütün beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın işğal altındakı ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma planını kəskin şəkildə pisləsin, onun yolverilməz olduğunu bildirsin və onlara verilən mandatdan istifadə edərək bu özbaşınalığın qarşısını alsınlar. Onsuz da 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma faktını aşkarlamış və hesabatlarında bunları açıq şəkildə qeyd etmişdir. Yəni, həmsədrlərin Ermənistanın bu qanunsuz fəaliyyətinə münasibət bildirmələri üçün kifayət qədər əsaslar var”, – deyə ATƏT Parlament Assambleyasının vitse-prezidenti vurğulayıb.

Narahatedici məqamlardan biri də budur ki, vasitəçilərin bu qanunsuzluğa etiraz etməməsi onların işğala və işğalçıya açıq dəstək vermələri anlamına gəlir. Onsuz da Rusiyanın son bir ayda sülhyaratma mandatına zidd olaraq işğalçı Ermənistana 400 tondan çox silah və sursat verməsinin Azərbaycan ictimaiyyətində ciddi narazılıq və kəskin etiraz doğurduğunu diqqətə çatdıran Azay Quliyev bildirib: “Bütün bunlara rəğmən, biz diplomatik kanallardan və beynəlxalq tribunalardan istifadə edərək Azərbaycanın kifayət qədər haqlı və əsaslandırılmış bu narahatçılığını daha sərt şəkildə hər üç ölkənin Xarici İşlər nazirliyinin diqqətinə çatdırmalı və onlardan məsələyə konkret münasibət bildirmələrini istəməliyik. Əlbəttə, onların Azərbaycanın bu haqlı tələbinə obyektiv və ədalətli reaksiya verəcəyini heç kim gözləmir, çünki cəmiyyətdə ATƏT-in Minsk qrupunun həmsədrlərinə inam və etimad qalmayıb. Buna baxmayaraq, həmsədrlərə təzyiqi maksimum dərəcədə artırmalı, onların ədalətliliyini və obyektivliyini davamlı olaraq sorğulamalıyıq.

Əgər ATƏT-in Minsk Qrupunun həmsədrləri bu qanunsuzluğa tam olaraq göz yumsa, ona bu və ya digər formada münasibət bildirməsə, o zaman onlar münaqişənin sülh yolu ilə həllinə vasitəçi olmaq hüququnu birdəfəlik itirəcəklər”.