GündəmManşetSiyasətXəbər xətti

İlham Əliyevin Vladimir Putinə zənginin əsas səbəbi nə idi? – Ekspertin mövqeyi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfər edəcəyi xəbəri günlər öncəsindən yayılmışdı. Müdafiə naziri Zakir Həsənovun Ceyhun Bayramovla birgə Ankaraya gedib Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla görüşdüyü xəbəri isə həmin gün yayıldı. Ceyhun Bayramovun Türkiyəyə səfəri və görüşləri geniş işıqlandırıldı, Zakir Həsənovun isə Ankarada hansı mövzuları müzakirə etməsi haqqında məlumat yayılmadı.

Azərbaycan nümayəndə heyətinin Ankaraya səfərindən bir gün sonra Türkiyənin müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Güler, o cümlədən qardaş ölkənin müxtəlif qoşun növləri komandanları Azərbaycana gəldilər. Üstəgəl Azərbaycanla Türkiyənin avqustun 10-da tamamlanması planlaşdırılan hərbi təlimləri bir neçə gün də uzadıldı. Bütün bunlar təsadüfdürmü?

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın indikindən daha üst səviyyəyə qaldırlması istiqamətində danışıqların getdiyini vurğulamaq mümkündür. Bu əməkdaşlığın üst səviyyəsi iki addımın atılmasından ibarət ola bilər:

Birincisi, Türkiyə Azərbaycanda hərbi bazaların formalaşdırılmasına başlayır;

İkincisi, Naxçıvanın təhlükəsizliyinin qarantı olan Qars müqaviləsinin bütövlüklə Azərbaycana şamil edilməsinə yönəlik saziş hazırlanır.

Bu prosesi müxtəlif səbəblərdən diqqətlə izləyən ölkələr və birliklər bunlardır: Ermənistan, Rusiya, İran, NATO, Avropa İttifaqı və ABŞ. Sonuncu üçünün Cənubi Qafqazdakı maraqları Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı ilə tərs düşmür. Əlbəttə, Avropa İttifaqı və ABŞ Türkiyənin Aralıq dənizi sahili ölkələrindən tutmuş Xəzər sahilinə qədər təhlükəsizlik zolağını uzatmasını alqışlamır. Məsələn, Avropa İttifaqının iki dövləti olan Fransa və Yunanıstan Türkiyənin Aralıq dənizi hövzəsində artan rolundan narahatdırlar. Ancaq Türkiyənin Azərbaycanda hərbi varlığı bütövlükdə Avropa İttifaqının maraqlarına tərs deyil, əksinə bu köhnə qitənin qazla təminatına başlayan Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi deməkdir. ABŞ-la Türkiyə arasındakı fikir ayrılıqlarına baxmayaraq, Vaşinqton üçün də Azərbaycanın təhlükəsizliyinin təminat altına alınması az əhəmiyyətli deyil.

İran Türkiyə-Azərbaycan hərbi əməkdaşlığından məmnun deyil, ancaq Tehranın buna qarşı açıq siyasət ortaya qoyması gözlənilmir, əks halda Azərbaycan və Türkiyə ilə münasibətlərdə gərəksiz gərginlik yaşaya bilər.

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığını diqqətlə izləyən ölkələrin başında Rusiya gəlir. Kremlin keçmiş illərdə olduğu Türkiyə-Azərbaycan hərbi təlimlərinə qarşı bəyanatı olmadı. Ancaq Rusiya mediasında yayınlanan yazılardan hiss olunur ki, Moskva prosesi diqqətlə izləyir. Bu mənada prezident İlham Əliyevin  avqustun 12-də Rusiya prezidenti Vladimir Putinə zəng etməsi təsadüfi deyil. Bu telefon danışığında Azərbaycan prezidenti Rusiyanın himayə etdiyi Ermənistanın təxribatlarını bir-bir Putinin diqqətinə çatdırıb.

Birincisi, İlham Əliyev deyib ki, iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat və təcavüz aktı nəticəsində Azərbaycanın hərbi qulluqçuları və bir nəfər mülki şəxs həlak olub. İlham Əliyev ayrıca, Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.

İkincisi, İlham Əliyev Ermənistanın təxribatının məqsədini Putinin diqqətinə çatdırıb: “Ermənistanın hərbi hücumunun əsas məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olub”. Yəni prezident demək istəyib ki, Ermənistan Rusiyanın müdaxiləsini istəyib.

Üçüncüsü, dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalardan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə çatdırıb: “Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcmi 400 tondan artıq olub və bu məsələ aydınlaşdırılmalıdır”.

İlham Əliyevin Vladimir Putinə telefon zənginin əsas səbəbi məhz üçüncü bəndlə bağlıdır. Azərbaycan prezidenti faktiki rusiyalı həmkarına Rusiyanın Ermənistana hərbi dəstəyindən narazılığını açıq şəkildə bildirib. İlk dəfədir ki, Azərbaycan prezidenti rusiyalı həmkarıyla telefon danışığı zamanı bu cür iradlar səsləndirib. Azərbaycan prezidentinin rusiyalı həmkarına telefon zənginin Türkiyənin müdafiə nazirinin Bakıda olması gününə təsadü etməsi həm də Kremlə mesajdır ki, “Rusiyanın Ermənistana hərbi dəstək siyasəti rəsmi Bakıya Türkiyə ilə hərbi-strateji müttəfiqliyi üst səviyyəyə qaldırmaqdan başqa yol qoymayıb”.

 

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzi