Yunanıstan-Misir müqaviləsi: Ankaradan sərt cavab
“Bu anlaşma bizim üçün yox hökmündədir. Bunu sahədə də, masada da göstərməyə davam edəcəyik. Həm bu ölkələrə, həm də dünyaya.” Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Cavuşoğlu dəniz sərhədlərinin demarkasiyası və istisna iqtisadi zonanın yaradılması ilə bağlı Misir və Yunanıstan arasında imzalanan sazişə münasibət bildirərkən deyib. Cavuşoğlu Türkiyənin Aralıq dənizində haqları olduğunu və imzalanan müqavilənin tanınmadığını bildirib.
“İmzalanan müqavilədəki kordinatlara baxdıq. Bu müqavilə həm Türkiyənin, həm də Liviyanın dəniz sahəsinə və haqlarına qarşıdır. Daha öncə BMT-yə də bildirdiyim kimi belə bir müqavilə bizim üçün yox hökmündədir. Bu nöqtəyə gəlməyimizin əsas səbəbi Yunanıstanın, Misir və İsrail kimi ölkələrlə bir yerdə Türkiyənin haqlarını tapdayaraq addım atmaq istəməsidir. Biz həm Türkiyə, həm də Şimali Kipr Türk Cumhuriyyətinin haqlarını qorumaq üçün konkret addımlar atdıq. Sahədə fəaliyyətimiz davam edir”, – Cavuşoğlu belə deyib.
Məsələylə bağlı Türkiyə XİN də bəyanat yayıb. Bəyanatda deyilir:
“Yunanıstan və Misir arasında dəniz sərhədi yoxdur. Bu gün dəniz sərhədlərinin demarkasiyası haqqında imzalanan qondarma saziş bizim üçün etibarsızdır. Razılaşmada nəzərdə tutulan ərazi, BMT-yə də məlumat verildiyi kimi, Türkiyənin qitə şelfində yerləşir. 2003-cü ildə Cənubi Kipr Rum Rəhbərliyi ilə (Kipr Respublikası) imzaladığı sazişlə 11 500 kv/km ərazidən imtina edən Misir bu gün Yunanıstanla imzalanan bu qondarma razılaşma ilə dəniz yurisdiksiyasını da itirir. Bu razılaşma ilə Liviyanın hüquqlarının da işğal olunmasına çalışılır. Türkiyənin bölgədəki hər hansı bir fəaliyyətə icazə verməyəcəyi və Şərqi Aralıq dənizində ölkəmizin və Kipr türklərinin qanuni hüquq və mənafelərinin qəti şəkildə müdafiəsini davam etdirəcəyi şübhəsizdir”.
Qeyd edək ki, Yunanıstan və Misir arasında imzalanan bu müqavilə Aralıq dənizində Türkiyə və Liviyanın hüquqlarına qarşıdır.