GündəmManşetMediaSiyasətXəbər xətti

Bu həqiqəti yüksək tribunadan söyləyən məhz İlham Əliyevdir – Müşfiq Ələsgərli

İsveçrənin ev sahibliyi etdiyi və dünya mediasının diqqət mərkəzində olan Davos İqtisadi Forumunda Prezident İlham Əliyevin “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrindəki dərin məzmunlu çıxışı ölkənin müxtəlif sahələrdəki uğur və inkişafını, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından xüsusilə önəmlidir. Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli Davos İqtisadi Forumunda ölkə başçısının çıxışı və orada səslənən fikirlərlə bağlı mövqeyini “Xalq qəzeti” ilə bölüşüb.

 

– Müşfiq müəllim, hazırda dünyanın diqqəti Davos İqtisadi Forumundadır. Cənab Prezident İlham Əliyevin də orada iştirakı və çıxışı mətbuatımızın diqqətindədir. Ümumiyyətlə, bu cür beynəlxalq əhəmiyyətli tədbirlərdə ölkəmizin təmsil edilməsi bizə nə vəd edir?

 

– Davos Forumu ad baxımından iqtisadi forum adlandırılsa da, burada dünya üçün əhəmiyyətli olan iqtisadi hadisələrlə yanaşı, siyasi, geosiyasi, təhlükəsizlik məsələləri də geniş şəkildə müzakirə edilir. Forumda 70-dən çox dövlət və hökumət başçılarının iştirak etməsi deməyə əsas verir ki, toplantı bütün dünyanın diqqət mərkəzindədir və həssaslıqla izlənilir. Bu baxımdan Davos Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün əvəvzedilməz tribunadır. Prezident İlham Əliyevin foruma qatılaraq, məruzə etməsi, toplantı iştirakçılarının suallarını yerindəcə cavablandırması ciddi bir hadisədir. Forumda baş verənlər bütün dünyada yayımlanır və beynəlxalq ictimaiyyət ölkəmizlə bağlı baş verənləri birbaşa Azərbaycan rəhbərinin öz dilindən eşidir. Prezident İlham Əliyevin forum çərçivəsindəki “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrindəki çıxışı ilə Azərbaycanın dolğun mənzərəsini yarada bildi, ölkəmizin region və dünya üçün əhəmiyyətini bir daha bəyan etdi. Prezident onu da bildirdi ki, əgər Ermənistanın hərbi təcavüzkar siyasəti olmasa, Azərbaycanın region və dünyaya verəcəyi töhfələrin sayı daha da çoxalar. Ölkə başçısı bu fikri şüar kimi səsləndirmədi, dediyi tezisi tutarlı faktlarla, arqumentlərlə izah etdi. Bununla da dünya ictimaiyyəti Ermənistanın nəinki Azərbaycan və region, eləcə də, bütün dünya üçün problemə çevrildiyi barədə əsaslandırılmış bilgi almış oldu.

 

– Prezident İlham Əliyev, həmçinin ölkəmizdə fundamental azadlıqların və media azadlığının təmin edilməsinə, mətbuatın sərbəst fəaliyyətinə də toxundu. Eyni zamanda, ölkəmizə qarşı mətbuat azadlığı məsələsi ilə bağlı qərəzli yanaşma olduğunu da vurğuladı. Sizcə, bu qərəzli yanaşma nə ilə bağlıdır?

 

– Prezident İlham Əliyevin ölkəmizdə media, söz və ifadə azadlığının durumu ilə bağlı söylədiyi fikirlər çox önəmlidir. Əvvəla, Prezidentin nitqi ilə bütün dünya Azərbaycandakı söz və ifadə azadlığının durumu barədə geniş bilgi almış oldu. İkincisi isə, bəzi siyasi güclərin söz və ifadə azadlığı məsələsi üzərində siyasi manipulyasiyalar etdikləri açıq mətnlə bildirildi. Bəzi dünya güclərinin söz və ifadə azadlığı üzərində siyasi manipulyasiyalar etməsi faktı, əslində, öz təsdiqini tapmışdır. Bu, yaxın illərin gerçək mənzərəsidir. Amma bu həqiqəti yüksək tribunadan, birbaşa söyləyən liderlərdən, bəlkə də birincisi, məhz Prezident İlham Əliyevdir. Ümid etmək olar ki, Prezident İlham Əliyevin bu çıxışından sonra digər dövlət başçıları da özlərində iradə taparaq, ifadə azadlığı üzərindən oynanılan oyunlar barədə öz mövqelərini bildirəcəklər.