Xəbər xətti

Xarabalıq bayquşları yenə də iş başında…

İllərdir deyirik ki, bunlar xarabalıq bayquşlarıdır. Nizam-intizam, normal, sabit yaşam bunlarlıq deyil. Bunlara ancaq xarabalıqlar lazımdır. Hər dəfə Azərbaycanda hansısa sanballı beynəlxalq tədbir keçiriləndə də bunlar meydana atılıb zibilliklərin fonunda şəkil çəkdirib dünyaya yayırlar ki, bəs, gəlməyin bu ölkəyə, burda hər yer belədir.

Belə şeylərə görə şəxsən mən onları heç vaxt qınamamışam. Çünki hər kəs öz mahiyyətinə uyğun məkanlara meyl edər, ona uyğun da davranar. Yəni mahiyyəti zibil dəyərində olanlar təbii ki, zibilliklərə üz tutacaqlar. Yaxud da qəlbi-içi xılt basmışlar bayquş kimi qara-qara düşünəcək, yeni bir xarabalıq axtarışında olacaqlar. Xislət məsələsidir bu. Dedik axı, hər kəs öz mahiyyətinə-xislətinə uyğun ortamlar axtarar, oralarda gəzib-dolaşar.

İndi bu antimilli “Milli Şura”nın Gültəkini yenə də gül vurub. Deyir ki, karantin rejiminin uzadılması müxalifətə sərf edir. Çünki insanlar evdə otururlar, ac qalırlar, əsəbləşirlər və s. Bu da ona səbəb olur ki, hakimiyyətdən narazılar artır. Yəni bunlar öz yarımçıq beyinləri ilə elə düşünür ki, hamı özləri kimi yarımçıq beyinlidir. Bunların ağlınca dünyanı sarmış koronavirus pandemiyası sanki Azərbaycan hakimiyyətinin icadıdır və dövlətimiz bunun davam etməsində maraqlıdır. Ona görə də xalq belə düşünüb hakimiyyətdən narazı olmalıdır. Bunların olmayan beyinləri belə düşünür, düşündüklərini də dilləri ifadə edir…

Belə anlaşılır ki, bu adamlar xalqın faciə yaşamasından həzz alırlar. Bunlar mazoxistdir açıq-aşkar! İnsanların əzab çəkməsi, kütləvi narahatlıq bunlar üçün bir fürsətdir sanki. Elə bir fürsət ki, ondan istifadə edib hakimiyyət iddialarını genişləndirə bilərlərmiş…

Bu adamların arasında normal düşünə bilən, ağlı yerində olan birisi varsa, anlamağa çalışsın və digərlərinə də anlatsın. Anlatsın ki, insanların faciəli durumu üzərindən davranaraq siyasi hesablar hədəfləmək siyasətdə ən alçaq hərəkətdir. Fəlakət, faciə, özəlliklə də ümummilli və qlobal fəlakətlər dönəmində siyasi əxlaqı taraz olan siyasətçilər bütün siyasi iddialarını kənara atıb millətin qurtuluşu üçün birləşir. Elə siyasətçilər sonrakı mərhələdə xalqın daha çox təqdirini qazanır və daha irəli gedir.

Sizsə nə edirsiniz? Neftin qiyməti düşür, Azərbaycan xalqı zərərə uğrayır, bunu bayram edirsiniz. Pandemiya üzündən insanlarımız aylardır evə qapanmalı olur, siz yenə də bayram edirsiniz. Sanki başqa millətdən, lap elə ermənilərdənsiniz ki, Azərbaycanlıların daim zərər görməsini arzu edir, belə bir halın işartıları görünən kimi toy-bayram edirsiniz. Nə deyim, doğrusu? Açıq-aşkar Azərbaycan xalqına qarşı olduğunuzu göstərirsiniz! Özü də durmadan, yorulmadan! Sadəcə bəxtimiz onda gətirib ki, sayınız azdır və sizə uyan-aldananlar da çox deyil…

Amma bilin və birdəfəlik yaddaşınıza həkk etdirin: nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan xalqı bu pandemiyanın səbəbkarı-günahkarı deyil. Bunu xalq çox yaxşı bilir. Ona görə də dövlətin insanların can güvənliyini qorumaq üçün atdığı bütün addımlar təqdirlə qarşılanır. Qüsurlar da yox deyil. Lakin insanlarımız anlayır ki, məhdudiyyətlər, özəlliklə də karantin rejiminin tətbiqi hazırkı şəraitdə tək çıxış yoludur. Ki, bu yolla biz hamılıqla bu bəladan daha tez qurtula bilərik. Ona görə də, Gültəkinlər və dəstəsi boşuna toy-bayram etməsin. İnsanlar bunların bu sayıqlamalarına sadəcə gülüb keçirlər…

Sözardı: Antimilli “Milli Şura” Ermənistanın 12 iyuldan başlayaraq Tovuz istiqamətində Azərbaycana hücumuyla bağlı əsla fəallıq etmədi. İlk mərhələdə. Amma sonradan bunlar ermənilərin dəyirmanına su tökənlərin mövqeyində olduqlarını göstərdilər. İşğalçı Ermənistan bir tərəfdə qaldı, bunların virtual ordusu Azərbaycan dövlətini ittiham etdi. Mahiyyətlərinə uyğun davrandılar yenə də. Təəccüblənmədik…

Azər HƏSRƏT