Bakı “Zeytun budağı” əməliyyatını dəstəkləyir – DEPUTAT
“Azərbaycan qlobal antiterror mübarizənin zərurətini ehtimal baxımından deyil, real olaraq dərk edir”.
Aktor.Az xəbər verir ki, bu barədə millət vəkili, politoloq Elman Nəsirov Türkiyənin Suriyada “Zeytun budağı” əməliyyatına və Azərbaycanın bununla bağlı mövqeyinə şərh verərkən bildirib. O, vurğulayıb ki, məhz bu səbəbdən ölkəmiz ABŞ-ın liderliyi altında terrorizmə qarşı formalaşmış koalisiyanın fəal üzvüdür: “Müasir terrorizmin əsas xüsusiyyəti onun heyrət doğura biləcək səviyyədə yeni şəraitə uyğunlaşma və mutasiya qabiliyyətinə malik olmasıdır. Mahiyyət etibarilə o, virus tipli və deməli epidemiya xarakteri xəstəlikdir. Onun nə zaman və haradan zərbə endirəcəyi məchuldur. Virusun zəif orqanizmlərə müdaxilə şansının daha yüksək olması həqiqətinin isə isbata ehtiyacı yoxdur. Deməli, qlobal təhdid və çağırışlardan ən təhlükəlisi qarşısında-beynəlxalq terrorizmlə mübarizədə vahid orqanizmin-sivil dünyanın immuniteti gücləndirilməlidir. Onu da xüsusi olaraq vurğulayaq ki, Azərbaycan Respublikası Ermənistanın dövlət terrorizmi siyasətinin hədəfinə çevrildiyindən bir çox dövlətlərdən fərqli olaraq qlobal antiterror mübarizənin zərurətini ehtimal baxımından deyil, real olaraq dərk edir, elə bu səbəbdən də ABŞ-ın liderliyi altında terrorizmə qarşı formalaşmış koalisiyanın fəal üzvüdür”.
Politoloq bildirib ki, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində Azərbaycanın mövqeyi bir neçə prinsipə əsaslanır: “Əvvəla, terrorizmlə mübarizəyə «ikili standart» mövqeyindən yanaşılmamalı, «yaxşı» və «pis» terrorçu bölgüsünə yol verilməməlidir. Eyni zamanda, terrora qarşı mübarizədə «hər yerdə və həmişə» prinsipi tətbiq edilməlidir. Bu prinsip zamanından və məkanından asılı olmayaraq cinayətkarların axtarılması, aşkarlanması, tutulub təhvil verilməsi, eləcə də cəzalandırılması sahəsində hər bir tərəfin öhdəliklər götürməsini nəzərdə tutur. Bundan başqa, digər dövlətlərin ərazisindən terrorçu, ekstremist və separatçı fəaliyyəti bu və ya digər formada dəstəkləyən ölkələrə qarşı razılaşdırılmış sanksiyalar tətbiq olunmalıdır. Elə bu məntiqdən çıxış edərək Azərbaycan qardaş Türkiyə dövlətinin beynəlxalq terrorizmə qarşı Suriyada həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını dəstəkləyir. Bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyinə görə, “Azərbaycan terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Beynəlxalq və regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün terror təhlükəsinin kökünün kəsilməsi xüsusilə vacibdir”. Eyni zamanda qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Zeytun budağı” əməliyyatının məqsədi Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirmək və ərazidə yaşayan mülki insanları terror hücumları və təhdidlərindən qorunmaq məqsədi daşıyır: “Türkiyə dəfələrlə terror hücumlarına məruz qalıb və nəticədə çoxsaylı günahsız insanlar həlak olub. Azərbaycan Türkiyənin terror təhdidinə qarşı əsaslı təhlükəsizlik narahatlıqlarını tam şəkildə anlayır. Biz qardaş Türkiyə və Türkiyə xalqının bir daha heç zaman xain terror hücumlarına məruz qalmamasını arzu edir və diləyirik”.