Rəqəmsallaşma şəraitində informasiya müharibəsi – Əlimərdan Sultanov
Rəqəmsallaşma və rəqəmsal texnologiyalardan geniş istifadə informasiya axınının günü-gündən güclənməsi ilə nəticələnir. Qlobal informasiya məkanında informasiyanın həcmi artır. ABŞ-ın texnologiya şirkətləri olan “IDC” və “Seagate”in məlumatına əsasən, əgər 2018-ci ildə qlobal məlumat sferasının həcmi 33 zettabayt təşkil edirdisə, 2025-ci ilə qədər isə bu rəqəmin 175 zettabayt olması, yəni 5 qat artımı gözlənilir.
Hazırkı rəqəmsallaşma şəraiti informasiya müharibələrinin də aparılması üçün yeni imkanlar və üstünlüklər yaradır. Bu gün hər bir dövlət, cəmiyyət və fərd müxtəlif regionlarda özünün siyasi, iqtisadi, hərbi maraqlarını təmin etməyə çalışan dövlətlər, kontinental güclər, dövlətüstü qurumlar və transmilli korporasiyalar arasında sürətli informasiya müharibəsinin getdiyinin şahidi olur.
Məqsədi hazırlanmış strategiya və taktika əsasında xüsusi informasiyaların müxtəlif səviyyələrdə (qarşı tərəfin cəmiyyəti, hərbi qüvvələri, dövlət orqanları və s.) yayılması ilə qarşı tərəf üzərində üstünlüyün əldə edilməsinə hədəflənən informasiya müharibəsi qədəm qoyduğumuz dördüncü sənaye inqlilabı şəraitində informasiya və kommunikasiya texnologiyalarının bütün gücündən istifadə edilməklə daha çevik, daha kütləvi şəkildə aparılır.
Hazırda internet rabitəsinin dünya əhalisinin 62%-ni əhatə etməsi, dövlətlərin və bütün regionların qlobal şəbəkəyə qoşulması, mobil texnologiyaların hər bir evdə və şəxsin istifadəsində olması hər kəsi potensial olaraq informasiya müharibəsinin iştirakçısına və qurbanına çevirə bilir.
İnformasiya müharibəsinin əsasında məhz informasiyanın (həqiqi və “fake news” – yalan məlumat) dayandığını və onun da hazırki meynstrim media (böyük kütlələri əhatə edən media orqanları) və sosial media (sosial şəbəkələr) vasitəsilə sürətlə yayıldığını nəzərə alsaq, bu müharibənin aparılması əvvəlki dövrlərə müqayisədə daha dərin və çevik strategiya və taktikanın işlənməsini, informasiya təhlükəsizliyi məsələsinin daim gündəmdə olmasını zəruri edir.
Bəs rəqəmsal transformasiya dövründə informasiya müharibəsi necə aparılmalıdır və hansı amillər nəzərə alınmalıdır?
Media və sosial media ilə sıx çalışmaq
Rəqəmsallaşma şəraitində qarşı tərəfə və digər dövlətlərə və cəmiyyətlərə həqiqətləri çatdırmaq, lazımi informasiyanı vermək üçün həmin cəmiyyətlərin media platformaları ilə sıx işləmək lazımdır. Bura ənənəvi media olan televiziya, radio, qəzet, jurnallarla yanaşı rəqəmsal media – informasiya saytları, agentliklər, portallar və s. daxildir. İnformasiya müharibəsinin aparıldığı zaman bu platformalarda daha çox eşidilmək və hədəfə istiqamətlənən kontenti – mesajı yaymaq lazımdır. Vacib məsələlərdən biri informasiyanın, mesajın həmin ölkənin dilində auditoriyaya yayılmasıdır. Xarici ölkələrdə ənənəvi və ya rəqəmsal mediaya sahib olmaq isə informasiya müharibəsində ciddi üstünlükdür.
Mühüm məqamlardan biri xarici dövlətlərdə sosial şəbəkə platformaları ilə düzgün işin qurulmasıdır. Bilirik ki, sosial şəbəkə platformaları müxtəlifidir, hər birinin fərqli auditoriyası var. Buna görə də bir sosial şəbəkədə verilən mesaj uğurlu, digərində isə uğursuz ola bilər və ya az auditoriyaya çatar. Buna görə də informasiyanın hədəfləndiyi auditoriyadan asılı olaraq sosial şəbəkələrdə iş fərqli aparılmalı və kontent fərqli olmalıdır. Bəzi rəqəmlərə fikir verək. “Statista.com” resursunun məlumatına görə 2020-ci ildə dünya əhalisinin 48.3%-ni sosial media istifadəçiləri təşkil edir. 2025-ci ilə isə bu rəqəm 56.7 %-ə yüksələcək.
Hazırda ən çox istifadəçi “Facebook” şəbəkəsindədir və istifadəçi sayı 2.5 milyard nəfərdir. “YouTube” şəbəkəsində istifadəçi sayı 2 milyard, “WhatsApp” kommunikasiya vasitəsində təxminən 2 milyard, “WeChat” şəbəkəsində 1 milyard 165 milyon, “İnstagram” platformasında 1 milyarddan çox, “Twitter” şəbəkəsində isə 386 milyon nəfər istifdəçi var (ən çox “Twitter” istifadəçisi ABŞ-dadır).
İnformasiya müharibəsində məlumatı ötürərkən və qarşı tərəf barədə müxtəlif ölkələrdə mənfi obraz yaradarkən informasiyanın hədəfləndiyi auditoriyanın hansı rəqəmsal kanallardan, sosial platformalardan istifadə etməsi, hansı media orqanının abunəçisi olması mütləq ölçülməlidir.
Vətəndaş cəmiyyəti institutları və rəy liderləri ilə iş
Fərqli regionlarda və cəmiyyətlərdə ötürülən mesajlar fərqli olmalıdır
İnformasiya müharibəsi zamanı regiondan və dövlətdən asılı olaraq həm media, həm dövlət orqanları, həm də ümumiyyətlə həmin cəmiyyətlə iş fərqli olmalıdır. Əgər məqsəd həqiqətlərin yayılması və xarici cəmiyyətlərdə qarşı tərəfin mənfi obrazının yaradılmasıdırsa həmin cəmiyyətin nümayəndələrinə ötürülən mesajlar yerli spesifikaya uyğun olmalı və bu kontekstdə düşmənə qarşı informasiya müharibəsi aparılmalıdır. Çünki bir qayda olaraq ötürülən hər hansı bir informasiya bütün regionlarda uğurlu olmaya bilər. Yaxud hansısa dövlətlərdə fəal şəkildə aksiyaların keçirilməsi, yığıncaqların təşkili mümkündürsə və effekt verirsə, elə dövlətlər vardır ki, orada təşkilatlanma mümkün deyildir və həmin dövlətin qanunvericiliyinə uyğun olaraq aksiyalar da keçirilə bilməz. Digər bir nümunə. Tanınmış sosial şəbəkələrin bəziləri müəyyən dövlətlər tərəfindən bloklanıb və həmin dövlətlərin öz rəqəmsal ünsiyyət şəbəkələri vardır. Deməli, həmin dövlətdə və cəmiyyətdə həqiqətlərin yayılması, düşmənin mənfi obrazının yaradılması üçün fərqli metodlar və rəqəmsal vasitələr tapılmalıdır.
Strategiya əsasında işi davamlı aparmaq və daim hücumda olmaq
İnformasiya müharibəsini aparan dövlət bu müharibəni konkret strategiya əsasında aparmalıdır. İnformasiya müharibəsi üzrə xüsusi strategiya, onun aparılmasının əsas qaydaları hazırlanmalı, qarşı tərəfə və digər cəmiyyətlərə hansı məlumatların, mesajların verilməsi ilə bağlı aydın təsəvvür və koordinasiya olmalıdır. Həmçinin, bu müharibədə daim hücum taktikasından istifadə etməlidir. Burada rəqibin hər zaman izlənilməsi və buraxdığı hər bir səhfin ona qarşı onun cəmiyyətində və digər dövlət və cəmiyyətlərdə istifadəsi əsas amildir. Ötən əsrin 90-cı illərindən sonra biz müxtəlif regionlarda intensiv informasiya müharibəsinin aparılmasını görürük. Müxtəlif dövlətlərə və cəmiyyətlərə istiqamətlənən bu informasiya müharibəsi bir an belə dayanmır, İKT-nin bütün gücündən istifadə edilməklə cəmiyyətlərin daxildən sarsıdılması, insanların beyninin yuyulması, hər cür mənfi obrazların yaradılması ilə nəticələnir. Bu da onu sübut edir ki, strateji hədəflərə çatmaq üçün informasiya müharibəsi təkcə aktiv hərbi əmliyyatlar zamanı deyil, həmçinin də dinc şəraitdə də aparılmalıdır.
Dezinformasiya ilə mübarizə
İnformasiya müharibəsi həm də qarşı tərəfdən gələn dezinformasiya ilə mübarizə aparmaq deməkdir. Çünki informasiya müharibəsində yalan xəbərlər, saxta statistika, sürətlə yayılan şaiyələr br qayda olara çox olur. Bunlarla mübarizə aparmaq üçün isə dövlət, vətəndaş cəmiyyəti, media və fərdlər sıx işləməli və məlumatın yalan olduğunu cəmiyyətin bütün təbəqələrinə çatdırmalıdırlar. Dezinformasiya ilə mübarizə aparmaq üçün media peşəkar və operativ olmalı, rəsmi xəbərləri verməli, dövlət cəmiyyətdə savadlılığın səviyyəsini daim artırmalı, vətəndaşlar isə şübhəli xəbərlərə inanmamalı və mənbəyi olmayan xəbərlərin yayılmasında vasitəyə çevrilməməlidirlər.
Yaşadığımız dünya artıq ənənəvi qloballaşmadan rəqəmsal qloballaşma fazasına daxil olub. Biz xüsusilə indiki pandemiya şəraitində dövlətlərin və cəmiyyətlərin fiziki cəhətdən öz sərhədləri çərçivəsində qapanmasını, lakin rəqəmsal cəhətdən yaxınlaşmasını, yəni rəqəmsal qloballaşmasını müşahidə edirik. Ona görə də biz müharibələrin hazırda həm də rəqəmsal platformalarda getdiyini görürük.
Rəqəmsal qloballaşma şəraitində informasiya müharibəsinin iştirakçıları təkcə dövlətlər, xüsusi dövlət qurumları deyil, artıq həm də fərdlərdir. Ona görə də informasiya müharibəsində hər bir şəxs virtual əsgərdir və bu müharibədə üstünlüyün əldə edilməsi, məqsədlərə çatmaq dövlət orqanları ilə yanaşı həm də fərdlərin yüksək rəqəmsal bacarıqlara sahib olmasından, düzgün səfərbər olmasından və informasiya ilə işləyə bilməsindən çox asılıdır.
Əlimərdan Sultanov