Su təsərrüfatının idarəedilməsinin təkmilləşdirilməsi zərurəti var – Millət vəkili
Son illər ərzində görülən işlərin təhlili aparılan zaman ölkəmizdə aparılan kadr islahalatları ilə yanaşı, infrastruktur sahəsində də əsaslı işlər görüldüyünün şahidi ola bilərik. Ölkə başçısının göstərişi ilə infrastruktur sahələrinin təkmilləşdirilməsi müxtəlif layihələr icra edilməkdədir. Sözsüz ki, bu layihələrin icrası üçün tələb edilən investisiyalar da birmənalı olaraq ölkə rəhbərliyi tərəfindən təmin edilir. İnfrastruktur layihələrinin icrası deyildikdə burada ən əhəmiyyətli olan istiqamətlərdən biri olan su təsərrüfatı və resursları ilə bağlı görülən işləri qeyd edə bilərik.
Artıq yaşanmış olan quraqlıq dövrü su təsərrüfatı sahəsinin idarəedilməsində, böhran vəziyyətində görülməli olan zəruri tədbirlər üçün addımların düşünülməsində təcrübə olaraq dəyərləndirilməlidir. Bu sahəninin inkişafı, mövcud resursların dəyərləndirilməsi, su ehtiyatlarının artırılması, meliorasiya işləri üçün yetəri qədər böyük vəsaitlər ayrılır. Bu bir-başa olaraq ölkə rəhbərliyinin məsələyə diqqət və qayğısının göstəricisidir.
Cənab Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən xüsusi komissiyanın qurulması və bu Komissiya sədrinin baş nazirin müavini təyin edilməsi su ehtiyatlarından səmərəli istifadənin təmini, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsində dövlət diqqətinin göstəricisidir.
Qısa müddətli addımlardan cari vəziyyətin təhlili və strateji plana doğru
– “Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin və biz ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planımızı icra edək.”
Cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilən bu fikir birmənalı olaraq əsaslı həllər gətirəcək strateji plan və ya “yol xəritəsi” hazırlanmasının vacibliyini göstərir. Hal-hazırda mövcud olan su çatışmazlığı probleminin aradan qaldırılması üçün qısamüddətli addımlarla bərabər orta və uzunmüddətli fəaliyyət planının qurulmasına, növbəti addımların hazırlanaraq tez müddətdə icra edilməsinə zərurət yaranıb. Hal-hazırda olan problem, səbəb və gələcək hədəflər təhlil edilərək müsbət həll yolunda təcili addımlar atılmalıdır. Yaranmış quraqlıq zamanı məsələ ilə bağlı məsul qurumlar tərəfindən düzgün təhlillər aparılmalı və həll yolları müəyyən edilməlidir. Sözsüz ki, vahid baxış əsasında həll üçün strateji plan tərtib edilən zaman artıq mövcud su çatışmazlığı aradan qaldırıla və su təhlükəsizliyi təmin edilə bilər. Ölkə başçısı İlham Əliyevin su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə olan fikirləri və təklifləri konkret olaraq bunu ifadə edir.
Su resursların idarəetməsinin təkmilləşdirilməsinə böyük ehtiyac var
– “…bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır.”
– “Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər.”
– “Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik”
– “Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır.”
– “…aidiyyəti qurumlara yazılanda onlar əhəmiyyət vermirlər, başdan edirlər.”
– “…heç kimin vecinə deyildi, biri-birinin üstünə yıxırdı. Ortalıqda da nə – quraqlıq”
Müşavirədə cənab Prezident tərəfindən səsləndirilən bu fikirlər su təchizatı və təhlükəsizliyi sahəsində olan idarəetmənin təkmilləşdirilməsinə ehtiyacın olduğunu göstərir. Mövcud idarəetmə sisteminin hal-hazırki vəziyyətdə işlək olması və yaxud mexanizmlərin təkmilləşdirilməsi böhran vəziyyətindən çıxış üçün ən vacib amildir. Böhran menecmenti zamanı düzgün alınan qərar və atılan addımlar genişmiqyaslı ziyan və fəlakətlərin qarşısını almaqlan yanaşı, koordinasiyalı fəaliyyətin olması da vacibdir. Çünki aidiyyəti qurumlar tərəfindən koordinasiyalı və birgə fəaliyyət göstərilən zaman ortada olan problemin həlli istiqamətində vahid fikir formalaşır. Bunun nəticəsində isə problemin müsbət həlli üçün qəti addımlar atıla bilər. Bir sözlə, müəyyən bir infrastruktur istiqamətində qurumlar arası kommunikasiya və menecment mexanizminin qurulmaması, nəzarətin yüksək səviyyədə təşkil edilməməsi nəticədə quraqlıq və vətəndaşlar üçün çətinlik yaradır.
Su resursların idarəetməsində “əsas fəaliyyət göstəriciləri” (KPİ) müəyyən olunmalıdır
– “…bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir.”
– “…bizdə heç vaxt su balansı tərtib edilməmişdir.”
– “Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib”
Cənab Prezident İlham Əliyev tərəfindən müşavirədə səsləndirilən səmərəli nəticənin əldə edilməməsi, artıq “əsas fəaliyyət göstəriciləri”nin (ƏFG) müəyyən edilməsinə zərurət yaradır. Artıq “nə etməli?” yox “necə etməli?” sualının cavabının tapılması prioritet mövzulardandır. Bu göstəricilər əvvəlcədən müəyyən edildikdə, yəni hədəf təyin olunan zaman işin yekununda nəticə əldə etmək mümkün olur. Yəni su resurslarının idarəedilməsində “ƏFG” müəyyən edilən zaman uzunmüddətli dayanıqlılıq və davamlılıq təmin edilə bilər. Su balansının təmin edilməsi, itkilərin aradan qaldırılması, mövcud itki faizinin dərəcəsinin azaldılması üçün addımlar atılmalıdır. Bunlar hamısı menecmentdə fərdi və qurum qarşısında qoyulmalı olan “ƏFG” – əsas fəaliyyət göstəricisidir. Qısa və ya uzunmüddətli göstəricilər təyin edilərək su təsərrüfatı ehtiyatları, su mənbələri səmərəli formada idarə edilə, mövcud resurslar və ehtiyatlar artırıla, su təhlükəsizliyi təmin edilərək ölkə səviyyəsində müsbət nəticələr əldə edə bilər.
Maliyyə planlaşdırılması, xərclənməsi və nəzarət prosesin gücləndirməsinə ehtiyac var
– “…sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb?”
– “İnvestisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər. Bəs sonra necə xərclənirdi?”
– “…qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver su çəkim, pul ver nə bilim bunu edim. Yaxşı, bunu veririk, amma sonra? Bir çox hallarda səmərəsiz olur. Xərclərə nəzarət çox aşağı səviyyədədir.”
Müşavirədə səsləndirilən bu fikirlər əsasında biz qeyd edə bilərik ki, hər bir maliyyə planının arxasında “xərclərin faydası” ilə bağlı planlar da qurulmalıdır. Belə olduğu halda bütün xərclərin nəticələri və səmərəliliyi ölçülərək faydalılıq əmsalı hesablana bilər. Qarşıya qoyulan məqsədin yerinə yetirilməsi üçün təyin edilən xərclərin faydalılıq əmsalı ölçülən zaman strateji planların faydalılığını da ölçə bilərik.
Su resursların idarəetməsində yeni yanaşma, səriştə, texnologiya və pilot layihələr tətbiq olunmalıdır
– “…indi dünyada texnologiyalar inkişaf edir. Biz də gərək ən qabaqcıl texnologiyaları ölkəmizə gətirək.”
– “…bu işlərə xarici mütəxəssisləri cəlb etməliyik”
– “…xarici mütəxəssislər, yeni texnologiyalar cəlb olunmalı, pilot layihələr icra edilməlidir. “
Bütün istiqamətlərdə fəaliyyət planlaşdırılan zaman fərqli təcrübə və yanaşmaların araşdırılaraq tətbiq edilməsi işin səmərəli təşkili və uğurlu nəticənin əldə edilməsində yararlı olur. Məsələn hal-hazırda su təsərrüfatında yaranan qıtlığ – böhran zamanı həm problemin aradan qaldırılması, həm də gələcəkdə belə halın təkrarlanmaması üçün beynəlxalq təcrübənin tətbiq edilməsi məqsədəuyğundur. Bunun üçün də xarici mütəxəssislərin cəlb edilməsi, aparılan təhlillər əsasında pilot layihələrin icrasına başlanılmalıdır. Bu tipli problemlərlə qarşılaşmış ölkələrdə tətbiq edilən metodlar araşdırılaraq, mövcud vəziyyətdə unuzmüddətli çıxış yolu kimi həll tapılması mümkündür.
Bütün bu sadalanan mövzuları göz önündə tutaraq deyə bilərik ki, hal-hazırda ölkə başçısı tərəfindən su qıtlığının aradan götürülməsi üçün lazımı tədbirlərin barədə müvafiq tapşırıqlar verilmişdir. Su təhlükəsizliyinin təmin edilməsi, su təchizatının vəziyyətinin yaxşılaşdırılması strateji planların və hədəflərin hazırlanması dövlətin ciddi nəzarətindədir və bununla bağlı müvafiq işlər görülməkdədir.
Şahin Seyidzadə,
Milli Məclisin deputatı