FotoXəbər xətti

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın iclası keçirilib – FOTO

24 iyul 2020-ci il tarixində Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın növbəti iclası keçirilib. Pandemiya şəraitində ənənəvi olaraq video formatında keçirilən tədbirdə Şura tam tərkiblə təmsil olunub.

Tədbiri giriş sözü ilə açan DMX yanında İctimai Şuranın sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov 2020-ci ilin ikinci yarısında keçirilməsi nəzərdə tutulan və artıq icrasına başlanılmış fəaliyyət barədə müfəssəl məlumat verib və bildirib ki, koronavirus COVİD-19 pandemiya dövrünə təsadüf edilən həmin tədbirlər əsasən online qaydada təşkil edilir. Qeyd olunub ki, Şuranın xətti ilə göstərilən hüquqi, psixoloji və digər məsləhət xidmətlərinin online qaydada göstərilməsi həm bu xidmətlərdən yararlanan əcnəbilərin, həm də xidmət göstərən Şura üzvlərinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi baxımından olduqca vacibdir. Bununla yanaşı Şura sədri yeni dövrün çağırışlarına cavab verən bir sıra mühüm tədbirlər barədə danışıb və bildirib ki, hər bir Şura üzvü miqrasiya siyasətinin icrasından kənarda qalmamalı, özünün gündəlik fəaliyyəti ilə bu prosesə töhfə verməlidir.

Ümumi müzakirəyə çıxarılmış məsələlərə münasibət bildirən DMX-nın Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev qarşıdan gələn aylar ərzində Şura üzvləri tərəfindən icra olunacaq fəaliyyətlərə münasibət bildirib, təmsil etdiyi qurumun bu fəaliyyətlərə dəstək göstərəcəyini xüsusilə vurğulayıb və bu istiqamətdə Şura üzvləri ilə birgə icra olunacaq fəaliyyətlər barədə məlumat verib. Bununla yanaşı rəis müavini “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı vətəndaş cəmiyyəti insitutlarının, xüsusilə İctimai Şuraya daxil olan qeyri-hökumət təşkilatlarının vəzifələri barədə danışıb.

Görüşdə daimi yaşamaq icazəsi və vətəndaşlıq əldə etmək istəyən əcnəbilərin hüquqi məsələləri, ölkə ərazisində təhsil alan əcnəbilərin üzləşdikləri çətinliklər, miqrant kateqoriyasına aid edilən gənclərin maraqlarına cavab verən yeni fəaliyyətlər, inteqrasiya və adaptasiyası çətin keçən miqrantlara psixoloji dəstək proqramları, bölgələrdə icrası mütləq hesab edilən təbliğat və təşviqat işləri və, ümumilikdə, miqrasiya müstəvisinə aid edilən digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Cari ilin ikinci yarısında keçirilməsi planlaşdırılan layihələrin və tədbirlərin effektivliyinin artırılması ilə bağlı irəli sürülən təkliflər geniş müzakirə olunub və bu əsasda mühüm qərarlar qəbul edilib.