Rusiya mediasının ermənipərəst informasiya müharibəsi – TƏHLİL
Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlik qonşu Rusiya mediasının da gündəmindədir. Əsasən erməni lobbisinin güclü təsirində olan Rusiya mediası sərhəddə gərginlik başlayan gündən mütəmadi olaraq xəbərlər yayır. İlk günlər münaqişə tərəfləri arasında balans qorunulmağa çalışılsa da, sonradan rus mediasına erməni lobbisinin təsiri öz işini gördü.
2016-cı ilin aprel müharibəsi zamanı qonşu Rusiya mediasının ermənilərin marağını müdafiə etməsi, 4 günlük müharibə və ümumulikdə münaqişənin tarixi haqqında Azərbaycan tərəfinin mövqeyini zəif işıqlandırması və yaxud heç işıqlandırmaması hər kəsin xatirindədir. Lakin Tovuzla sərhəddə gedən müharibənin ilk günlərində vəziyyət 2016-cı ildəkindən bir qədər fərqlənməyə başladı. Rusiyanın dövlət xəbər agentlikləri, eləcə də federal kanalları sərhəddə baş verən gərginlik haqqında demək olar ki, ancaq informativ xarakterli məlumatlar verirdilər. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlara istinad edilir, hətta bu məlumatların manşetə çıxarıldığı hallar da olurdu. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbloğlu ard-arda ölkənin ən məşhur olan radiostansiyaları olan “Exo Moskvı”, “Qovorit Moskva”, “Nezavisimaya”, “Komsomolskaya pravda” qəzetləri, TASS, RBK kimi agentliklərə müsahibə verir, Azərbaycanın haqq səsini Rusiya ictimiayyətinə çatdırırdı.
Ancaq Rusiyanın dünyadakı əsas ruporu olan “Russia Today”in və RIA Novostinin baş redaktoru, erməni əsilli Marqarita Simonyanın hazırki Ermənistan hakimiyyətinə hədə dolu müraciətindən, “Lifenews” kanalının baş direktoru erməni Aram Qabrielyanovun “Paşinyana nifrət etməyimizə baxmayaraq, biz Ermənistanın yanında olmalıyıq” bəyanatından sonra Rusiya mediasında vəziyyət dəyişdi.
Özəl agentliklər və televizya kanalları bir tərəfə qalsın, dövlət xəbər agentlikləri və federal kanallar Azərbaycanın əleyhinə dezinformasiyalar yaymağa başladılar. “Tass” dövlət xəbər agentliyinin qərargahı Niderlanda yerləşən kürdlərin separatçı “Fırat” saytına istinadən “Türkiyə Suriyadakı muzdlu terrorçuları Azərbaycana göndərir” adlı xəbər yayması ermənipərəst informasiya savaşının pik nöqtəsi idi. Düzdür, daha sonra Tass bu xəbəri saytından və Facebook sosial şəbəkəsindəki səhifəsindən də sildi və Türkiyədəki mənbəsinə istinadən xəbərin “feyk” olduğunu bildiridi…lakin bunun artıq heç bir mənası yox idi…çünki birinci dezinformasiya öz işini görmüşdü…bütün Rusiya saytları bəh-bəhlə Tass-a istinadən bu xəbəri yaymışdılar.
Bir anlıq təsəvvürünüzə gətirin ki, Azərbaycanın dövlət xəbər agentliyi Almaniyadakı çeçen mühacirlərinin saytına istinadən “Rusiya Ermənistana “Vagner” muzdlu döyüşçülərini göndərir” başlıqlı dezoxəbər yayır və sonra təkzib edir, xəbəri silir…təsəvvür ediləsi belə deyil, elə deyimi?!
Rusiya mediasının ikinci bizim əleyhimizə işləyən xəbəri isə müdafiə nazirliyimizin sözçüsü Vaqif Dərgahlının Ermənistanın “Metsamor” Atom elektrik stansiyası ilə bağlı açıqlaması ətrafında yaratdığı ajiotaj idi. Ermənipərəst Rusiya mediası yenə öz işini görmüşdü. Dərgahlının “Bizim ordumuzun silanlanmasında olan yeni raket sistemləri “Metsomor” AES-i vurmağa imkan verir” açıqlamasını “Azərbaycan Metsomar AES-ə zərbə endirəcək” kimi təqdim etməsi açıq təxribat idi. Bu xəbərin bu cür təqdim olunması Azərbaycanın güya atom stansiyasını bombalayaraq insanlığa qarşı cinayət törətmək arzusunda olduğunu dünya ictimiayyətinə göstərmək idi. Nəzərə alaq ki, MN sözçümüzün Metsamorla bağlı açıqlaması erməni tərəfinin “Mingəçevir Su anbarını vurarıq” bəyanatına cavab idi. Bəşəriyyətə, insanlığa qarşı cinayət planından narahat olan Rusiya mediası bəs, Ermənistan tərəfinin Mingəçevir su anbarının bombalaması kimi bəşəri cinayət planına niyə diqqət yetirmədi? Metsomordan öləcək olanlar insandır, Mingəçevirdən öləcək olanlar yox?
Gələk Rusiya televizyalarına…Ölkənin “Birinci” kanalında yayımlanan “Vremya pokajet” tok-şousuna… Bu tok şou Tovuzla sərhəddəki gərginliyə iki buraxılış həsr etmişdi. Birinci buraxılışda ermənilərin Dövlət Dumasındakı ruporu, Konstantin Zatulin hər zamanki kimi öz ampluasında idi. Verilişin aparıcıları da həmçinin…yenə, Azərbaycan tərəfdən spiker kimi çağırılan qonağın sözü ermənipərəst mövqenin xeyrinə kəsilirdi. İyulun 20-də yayımlanan veriliş isə sırf erməni təbliğatı üzərində qurulmuşdu. Azərbaycan tərəfdən spiker qismində dəvət olunan ekspertlər Samir Məmmədov və Roman Ağayevin qarşısına bu dəfə Tovuzla sərhəddə yerləşən Ermənistanın Tavuş vilayətindən canlı efirə rusiyalı blogger Semyon Peqovu çıxartmışdılar. Bu o Peqov idi ki, ermənilərin Tovuzdakı strateji yüksəklikləri, “Qara qayanı” ələ keçirməsi barədə dezinformasiyalar yayırdı. Bu dəfə o, həmin dezinformasiyanı öz “youtube” şəbəkəsindəki səhifəsində deyil, Rusiyanın “Birinci” kanalında yayırdı…və yenə Azərbaycan tərəfinin mövqeyini almadan, öyrənmədən, birtərəfli və qərəzli…
Rusiya mediası Azərbaycanın “Metsamor” AES-i vurmayacağını, Tovuzdakı “Qara qaya” yüksəkliyinin tam ölkəmizin nəzarətində olduğunu çox yaxşı bilir. Rusiyadakı həmkarlarımız Türkiyənin Suriyadan Azərbaycana muzdlu döyüşçü göndərməyinə ehtiyac olmadığını, Azərbaycanın peşəkar ordusu və işğal altındakı torpaqları azad etməyə hazır olan on minlərlə könüllü vətəndaşının olduğunu da yaxşı bilir. Bildiyin həqiqəti söyləmək isə hər zaman vicdan tələb edir.
Fərid Əkbərov,
“Atlas” Araşdırmalar Mərkəzinin eksperti,
İctimai Televiziyanın Rusiya Təmsilçisi