İkinci Dünya müharibəsi veteranlarına sovqatlar paylanılıb – FOTO

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımları paylanılır. Aksiya Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Aktor.Az xəbər verir ki, aksiyanın məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlara dəstək göstərməkdir.

Xatirladaq ki, Təşkilat “Evdə qal, həyatları xilas et!” çağırışı ilə müraciət edərək veteranları, əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət olunmasını tövsiyə edib. Bildirilib ki, Prezident İlham Əliyev hər bir veteranın Vətən qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir. Onun köməyi və dəstəyi ilə veteranlar bu çətin dövrü də arxada qoyacaqlar. Veteranlar özlərini və yaxınlarını qorumalıdırlar.

Qeyd edək ki, aksiya çərçivəsində Respublika Veteranlar Təşkilatının gənclərin hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və təşkilatın mətbuat xidmətinin əməkdaşı Şəhla Qarayeva, müvafiq rayon icra hakimiyyətlərinin və rayon veteranlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Sabirabad, Füzuli, İmişli, Ağdam, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Kürdəmirdə yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq yardımları artıq paylanılıb. Veteranlarla hər görüşdə təşkilatın nümayəndələri ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsi, zərurət yaranmadan digər şəxslərlə təmas qurulmaması və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara riayət edilməsinin vacibliyini vurğulayırlar.

Respublika Veteranlar təşkilatının nümayəndələri ilə görüşən Rayon İcra Hakimiyyətinin rəhbərlikləri Koronavirus (COVID-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndiriblər.

Yardım aksiyası iyulun sonunadək davam edəcək.

 

Paylaş: