Gənclər Fondu və KİVDF konfrans keçirib
Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə 21 iyul 2020-ci il tarixində Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirilib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və KİVDF-in icraçı direktoru Əhməd İsmayılovun çıxışları ilə başlayan konfrans Vüqar Zifəroğlu, Rəşad Məcidov və Akif Aşırlı kimi peşəkar jurnalistlərin çıxışları ilə davam edib.
KİV nümayəndələrinin və jurnalistika ixtisası üzrə təhsil alan yüzlərlə gəncin qoşulduğu görüşdə çıxış edən jurnalistlər bildiriblər ki, bu il 145 yaşını qeyd edən, görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız çətin və şərəfli inkişaf yolu keçərək, bu gün də özünün ən yaxşı ənənələrini davam etdirir, cəmiyyətimizin inkişafına, xüsusilə gənc nəslin tərbiyəsində öz əhəmiyyətli töhfəsini verir.
Bu yolda tarixi xidmətlər göstərmiş fədakar ziyalılarımızı dərin hörmət hissi ilə yad edən qonaqlar, bu gün Azərbaycan mətbuatının qarşısında duran vəzifələr, informasiya əsrində, beynəlxalq münasibətlərin tərkib hissəsinə çevrilmiş informasiya müharibəsi dövründə jurnalistlərin üzərinə düşən məsuliyyət barədə maraqlı fikir mübadiləsi aparmışlar.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə milli mətbuatımızın yaranmasının 145-ci ildönümü ölkəmizdə geniş qeyd edilir. Yubiley tədbirləri, tətbiq edilən karantin rejiminin tələbləri nəzərə alınmaqla keçirilir.