“Şəhidlərimizin qisası tam alınıb” – Elman Nəsirovun məqaləsi İordaniya mediasında
İordaniya Haşimilər Krallığının “Ammon news” rəsmi dövlət saytında Milli Məclisin deputatı, YAP-ın Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Ermənistanın hərbi təxribatı” sərlövhəli məqaləsi çap olunub. Məqalə Ermənistanın işğalçılıq, hərbi təxribat və faşizmi təbliğ siyasətinin beynəlxalq auditoriyada ifşası baxımından xüsusi aktuallıq kəsb edir.
Millət vəkili müəllifi olduğu məqalədə Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycanla sərhəddin Tovuz rayonu istiqamətində hərbi təxribata əl atması, onun səbəb və motivləri, habelə fəsadları ilə bağlı məsələləri İordaniya oxucularının nəzərinə çatdırıb. Burada qeyd olunur ki, Ermənistanın hərbi avantürasına görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Professor Elman Nəsirov çoxmilyonluq ərəb oxucularının diqqətinə çatdırır ki, pandemiya dövründə Ermənistanın onsuz da ağır olan sosial-iqtisadi vəziyyətinin böhran həddinə çatması, ölkədə gərgin siyasi konfrantasiya mühitinin formalaşması Nikol Paşinyan hökumətini çıxılmaz vəziyyətə salıb və onun mövcud ağır daxili vəziyyətdə diktator davranışı bütün çərçivələri aşmaqdadır. Bu reallıq fonunda Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq arenada ardıcıl olaraq Ermənistan baş nazirini “diplomatik tərksilah” etməsi onsuz da sosial bazası həndəsi silsilə ilə daralmaqda olan Nikol Paşinyan üçün qorxulu perspektivlər formalaşdırıb.
Deməli, ilk növbədə öz hakimiyyətinin ömrünü uzatmaq üçün Paşinyan hökuməti hərbi avantüraya əl atıb.
Məqalədə qeyd olunur ki, bu hərbi təxribarın məhz Azərbaycan-Ermənistan dövlət sərhədində baş verməsi də təsadüfi addım olmayıb, Ermənistanın münaqişənin əsl mahiyyətini ört-basdır etmək kimi çirkin niyyətindən irəli gəlir, üzvü olduğu hərbi-siyasi təşkilatın “çətir”i altında gizlənərək hərbi avantürasının kollektiv müdafiə mexanizmləri ilə dəstəklənməsinə nail olmaq kimi riyakar məqsədindən qaynaqlanır. İşğalçı dövlətin bu istiqamətdə planları da tam iflasa uğrayıb.
Həmin hərbi təxribatın nəticəsində ordumuzun generalı da daxil olmaqla bir neçə hərbi qulluqçumuz şəhid olub. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin.
Millət vəkili İordaniya oxucularının nəzərinə çatdırıb ki, Azərbaycan ordusunun əks həmləsi ilə şəhidlərimizin qisası tam alınıb, düşmənin canlı qüvvəsinə və hərbi texnikasına sarsıdıcı zərbə endirilib. Qəhrəman Azərbaycan ordusu aprel döyüşlərində qazandığı tarixi qələbəni davam etdirərək düşmənə öz yerini göstərib.
Ali Baş Komandanın mətin iradəsi və ordu-xalq birliyi sayəsində Azərbayacan Silahli Qüvvələri yenilməz gücünü nümayiş etdirib.
Məlumatın orijinalı aşağıdakı linkdə: