KÖŞƏManşetSiyasətXəbər xətti

Dağlıq Qarabağ münaqişəsində mövqemiz müxtəlif siyasi baxışlarda yox, milli birlikdədir – Şahin Seyidzadə

Ermənistan silahlı qüvvələrinin münaqişə ərazisi olan işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonundan kənarda, tamamilə fərqli ərazidə təxribat törətməsi və bu təxribatın cavabının qısa müddətdə müzəffər ordumuz tərəfindən verilməsi sözsüz xalqımızda bir daha ruh yüksəkliyi, ölkə rəhbəri və hərbi gücə inam yaratmışdır.

Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonu istiqamətində artirelliya atəşi ilə zərbə endirərək hərbiçilərimiz və mülki vətəndaşın vəfat etməsinə səbəb olan ermənilərə qarşı Ali Baş Komandanın rəhbərliyi ilə layiqli cavab verilmişdir. Qısa müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hər cəhətdən düşmən ordusundan qat-qat üstün olan canlı və texniki qüvvəsi sarsıdıcı zərbələrlə əks-tədbir görmüşdür. 12 iyul tarixindən başlayaraq davam etmiş hərbi əməliyyatlarda Ermənistan böyük itki verməsinə baxmayaraq öz xain və mənfur əməllərindən əl çəkməyərək işğal altında olan rayonlarda yerləşən mövqelərimizdə də atəşkəs rejimini pozaraq sabitliyin təmin edilməsinə əngəl törədir.

Sərhəd bölgəsində baş verən bu təxribatdan sonra ölkədə müşahidə edilən Ali Baş Komandan-xalq, xalq-ordu birliyinin yaşanması, milli ruhun yüksəkliyi cəbhədə qazanılan uğurla birlikdə bizlər üçün böyük qürur oldu. Hal-hazırda bütün dünyanın koronavirusla mübarizə apardığı bu dönəmdə, eyni zamanda ölkəmizdə də “COVID-19” virusu ilə mübarizənin aparılmasına baxmayaraq, xalqımız düşmənlə mübarizdə ön cəbhədə olmağa hazır olduğunu bildirir. Xalqımızın küçələrdə yürüş edərək birlik göstərməsi, Ali Baş Komandanın çağırışına daima hazır olduqlarını bildirməsi ön cəbhədə vuruşan əsgərlərimiz üçün böyük ruh yüksəkliyi kimi qiymətləndirilməlidir. Bu ruh yüksəkliyi təkcə cəbhə xəttində yox, paytaxt Bakı və digər ərazilərdə də özünü göstərir. Cənab Prezidentin çağırışından sonra minlərlə Azərbaycan vətəndaşı yaşı və cinsindən asılı olmayaraq ordu sıralarına könüllü olaraq yazılmaq üçün müraciət etmişdir. Bu, bir daha ölkə rəhbərinə inamın, dəstəyin və düşmənə qarşı mübarizədə böyük birliyin olmasını göstərir. Pis niyyətlərini daima xoşagəlməz əməlləri ilə büruzə verən mənfur düşmənin ölkə sərhədlərimizdə təxribat addımı atdığı belə bir anda ölkəmizdə milli birliyin nümayiş etdirilməsi sözsüz ki, düşmənə cəbhədən əlavə olaraq ikinci ağır zərbəni endirir.

Bu gün ölkədə görülən xalqın birliyi prosesində həm də siyasi partiyalar da iştirak edir. Müstəqillik tarixində yaşanılan nadir hallardan biri kimi biz müxtəlif istiqamətli, görüşlü, fərqli məram və məqsədləri olan siyasi partiyaların vahid mövqedən çıxış etməyini qeyd edə bilərik. Sözügedən siyasi partiyalar vahid fikir və ideya ətrafında birlik göstərərək ölkə rəhbərinin siyasətini dəstəklədiyini və yanında olduqlarını bəyan etmişlər. Bu həmrəylik sözün əsl mənasında siyasi mədəniyyətin təqdirəlayiq nümunəsidir. Siyasi mədəniyyət anlayışının daxilində bir məsələ də var ki, artıq siyasi partiyaların sıx birləşməsi ilə vahid bir fikir ətrafında birliyin olması nümayiş etdirilir. Bu nöqtədə isə bir qənaətə gələ bilərik, Dağlıq Qarabağ münaqişəsində mövqemiz müxtəlif siyasi baxışlarda yox milli birlikdədir.

 

Şahin Seyidzadə, millət vəkili