Postpandemiya dövründə onlayn təhsilin davamlılığı müzakirə edilib
İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzinin təşkilatçılığı ilə “Postpandemiya dövründə inklüziv cəmiyyətin inkişafı naminə onlayn təhsilin təbliği” adlı layihənin ilk tədbiri keçirilib.
Aktor.Az xəbər verir ki, onlayn müzakirədə aidiyyati qurumların nümayəndələri, regionda yaşayan və təhsil alan gənclər, mərkəzin üzvləri və könüllülər iştirak etmişlər. Mərkəzin məsləhətçisi Y.Ağayev çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb. Bu proses dünya ölkələrinin əksəriyyətini əhatə etdiyindən, YUNESKO təhsildə yaranan fasilələri məhdudlaşdırmaq üçün distant təhsil proqramlarından istifadəni tövsiyə edib. O, qeyd edib ki, vətəndaş cəmiyyəti olaraq post pandemiya dövründə inklüziv cəmiyyətin inkişafını təmin etmək təhsilin distant formada davam etdirilməsi zərurəti yaranıb. Bu forma təhsilin davamlılığı və təhsilalanların keyfiyyət göstəriciləri baxımından daha uyğundur və alternativi yoxdur.
Müzakirələrdə çıxış edənlər postpandemiya dövründə distant təhsilin əhəmiyyətini qeyd etiblər. Eyni zamanda qeyd edilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə, o ölkə öz maraqlarını təmin edəcəkdir” deməklə müasir təhsil vasitələri və onlardan istifadə etməklə bilik və bacarıqların əldə edilməsinin zəruriliyini xüsusi vurğulamışdır. Müasir tədris formalarından istifadə edərək, həmçinin texnoloji avadanlıqlardan yararlanaraq bilik və bacarıqların əldə edilməsi də zamanın tələblərindən biridir. Post pandemiya dövründə onlayn təhsillə bağlı layihəninin müzakirəsində qeyd edildi ki, son illərdə gedən proseslər onu göstərir ki, dünya sürətlə dəyişməkdədir. Bu dəyişiklik bütün sahələrdə özünü göstərir. Risklər artmaqda, ölkələrarası rəqabət güclənməkdə, ali təhsillə əmək bazarı arasında ciddi dəyişikliklər baş verməkdədir. Bugünkü reallıqları nəzərə alaraq, demək olar ki, bundan sonra innovativ, inklüziv, bilik üzərində qurulan strategiyalar uğur əldə edə biləcək. Azərbaycan Prezidenti İlham Əliyevin “qara qızılı insan kapitalına çevirmək” konsepsiyasının bu gün çox uğurla həyata keçirildiyini deyən İctimai Birliyinin üzvləri qeyd edib ki, ölkəmizdə müəyyən edilən inkişaf strategiyası məhz bu istiqamətdədir. Davamlı inkişaf strategiyasının əhəmiyyəti respublikanın bu gününə, gələcəyinə və dünyanın qorunmasına yönəlməsidir. Yəni, bütün resurslar elə istifadə edilməlidir ki, həm inkişaf davamlı olsun, həm də dünya deqradasiyadan qorunsun. Bu hədəflərə çatmaq və töhfə vermək vətəndaş cəmiyyətinin təmsilçisi olaraq bizi də düşündürür və problemin həllinə töhfə verməyə təşviq edir.
Müzakirədə vurğulanıb ki, dünyanın postindustrial fazaya, bilik iqtisadiyyatına keçidi dönəmində dünya təcrübəsində sosial və iqtisadi inkişafda insan amilinin dominantlığı faktı hamı tərəfindən qəbul edilir. Bu fakt milli iqtisadiyyatların inkişafı və səviyyəsi baxımından həlledici rol oynayır. Bu gün Azərbaycan Respublikasında da böyük uğurlar və sürətlə innovativ iqtisadiyyatın formalaşdırılmasına yönələn addımlar atılır. Yaranmış şəraitdə uzunmüddətli və keyfiyyətli insan potensialının yaradılması məsələsi olduqca önəmlidir. Belə ki, innovativ modernləşmə və insan potensialının davamlı inkişafı arasında sıx əlaqə ölkəni zamanın çağırışlarına uyğun yeni inkişaf səviyyəsinə çıxarmağa imkan verəcək.
Sonda iştirakçıların sualları cavablandırılıb