İqtisadiyyatManşetSosialXəbər xətti

Bahalaşma: Azərbaycana gətirilən bəzi məhsulların qiyməti artır

Azərbaycan Respublikasının ərazisinə gətirilən pivə və alkoqollu içkilərə bu gündən yeni aksiz dərəcələri tətbiq olunacaq, tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri də 2 dəfədən çox artırılıb.Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

 

Keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra — yanvarın 23-də qüvvəyə minir. İndiyə qədər səməni pivəsinin 1 litr üçün 1 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 2 manat, şampan şərabının 1 litr üçün 2,5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,1 manat aksiz dərəcəsi tətbiq olunub. Dəyişikliyə əsasən yanvarın 23-dən səməni pivəsinin 1 litr üçün 1,7 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 3,5 manat, şampan şərabının 1 litr üçün 5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,2 manat aksiz dərəcəsi tətbiq olunacaq.

 

Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərablarna aksiz dərəcəsi 1 litr üçün 2 manatdan 3,5 manata, digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki), qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqlarına 1 litr üçün 2 manatdan 3.5 manata, denaturasiya olunmamış etil spirtinə (80 həcm % və ya çox spirt qatılığı ilə) 1 litr üçün 2 manatdan 4 manata, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaralar, viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər, digər spirtli içkilərə 1 litr üçün 6 manatdan 10 manata, həcm %-i 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinə 1 litr üçün 2 manatdan 4 manata qaldırılıb.

 

Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.