Ermənistanın təxribatı daxili problemlərə hesablanıb – Tofiq Ağahüseynov
İyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Əlbəttə ki, düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülüb və təxribatın qarşısı alınıb. Bunu Aktor.Az-a Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov deyib.
General-polkovnik bildirib ki, əgər müharibə başlayarsa, Ermənistanın ağır məğlubiyyətə uğrayacağı qaçılmazdır. Onları çox çətin duruma salacaq təxribata getməyə nə vadar etdi? Burada əsas məqsəd Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirməkdir. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri oturdulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb. Ermənistan təxribatlar törədib və Azərbaycan tərəfi birmənalı şəkildə Ermənistanın bu təxribatlarına qətiyyətli cavab verib.
Təşkilatın sədri Tofiq Ağahüseynov qeyd edib ki, hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Açıq-aydın görünür ki, Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı bu ölkənin hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyır. Azərbaycanla sərhəddə təxribat Nikol Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Lakin Paşinyan belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyi ehtimalının az olduğunun fərqində deyil.
“Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müasir tələbləri əsasında formalaşdırılan Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Dövlətimizin başçısının, ordu rəhbərliyinin diqqət və qayğısının nəticəsində ki, Azərbaycan Ordusu müasir silah-texnikası, nizami ordusu ilə düşməndən qisas almaq əzmindədir. Hər kəs inanır ki, Azərbaycan əsgəri əzəli torpaqlarımızı düşməndən azad edəcək. İnanıram ki, çox yaxında biz Qarabağın azadlığını da qələbə paradı ilə qeyd edəcəyik”, – deyə general polkovnik T.Ağahüseynov vurğulayıb.