MediaXəbər xətti

Mərhum jurnalistin anasından duyğulu yazı – Boynubükük qalan…

Bu gün gənc jurnalist, ötən ilin sentyabrında avtomobil qəzasında həlak olmuş Fuad Musazadənin doğum günüdür. Anası Sədaqət Fuad onunla bağlı xatirələrini yazı halında Lent.az -a təqdim edib. Yazını diqqətinizə çatdırır, Fuada rəhmət, Sədaqət xanıma səbir diləyirik…

 

Hələ ömrünün baharını yaşayırdı, bu gün onun doğum günü…

10 ay öncə bir payız günü öz avtomobili ilə keçirdiyi müdhiş yol qəzası onu aramızdan ayırmasaydı, istedadlı jurnalist Fuad Musazadə bu gün 32 yaşını qeyd edəcəkdi…

11 iyul sənin Sənsiz, boynubükük qalan doğum günün…

İlk dünyaya göz aşdığında da bir-birinə yapışmış dodaqları təbəssümlə əyilir, əzmkarlıqla keçirdiyin 31 illik qısa, şərəfli ömür yolunun hər günündə olduğu kimi üzündə o xoş gülüşü vardı…

Övlad itkisinin acıları ilə yüklü bu ifadələr 10 ay öncə keçirdiyi ağır yol qəzası nəticəsində faciəvi şəkildə öz həyatını itirən gənc, istedadlı jurnalist Fuad Musazadənin anası Sədaqət xanımla söhbətimizdəndir.

“Oğlumun 31 illik həyat yoluna nəzər saldığımda onun çətin günlərinin ömrünün əksər hissəsini təşkil etdiyini görürəm. Fuad çox zəkalı, sevimli və mehriban uşaq idi. O, olduğu hər yerdə öz maraqlı söhbətlərilə diqqət mərkəzində olur və hamının üzünü güldürməyi bacarırdı. Onun səsi həmişə şən və çox səmimi idi. Çox uşaqlar kimi ona nə isə öyrədib ondan təkrarlamasını da gözləmək olmazdı. O, doğru olanı, öz gördüyünü, şahid olduğunu söyləyəcəkdi. Ona zorla qadağalar qoymaqda mümkün deyildi. Onun hər məsələyə öz fikirləri və yanaşması vardı.

1-ci sinifdə oxuyurdu. Adəti üzrə əlindən tutub məktəbə aparırdım. Yolumuz polis bölməsinin qarşısından keçirdi. Tələsirdik və mənim bütün diqqətim yoldaydı. Birdən onun əlimdən dartındığını hiss etdim. Ona doğru döndüm, əlini ovcumdan çıxarıb, yol kənarında dayanmış polisə doğru üz tutdu . Polis əlindəki avtomat silahını ona göstərib istəyirsən, gəl, sənə verim deyirdi. Zənn etdim ki, Fuad silaha baxmaq istəyəcək. Arxasınca tələsdim. O, polisə çatıb dayandı, “polissən, polisliyini et” deyib, geri döndü. Polis isə çox pərt olmuş, heyrətlə ona baxırdı .

Mənə hər zaman oyuncaq əsgərlər aldırar, heyrətamiz yaradıcılıqla böyük döyüşlər qurardı. Tarixdən və tarixi qəhrəmanlardan bəhs edən filmləri təkrar-təkrar izləyir, onlara bənzəmək istəyirdi.

Fuad hələ ilk məktəb illərindən öz savadıyla seçilirdi. Onun yüksək intellektual səviyyəsi, tarix, ədəbiyyat, coğrafiya və bəzi sahələrdə fitri istedadı vardı demək daha doğru olar.
Cəmiyyətə yararlı, savadlı və öz sahib olacağı peşəsində bacarıqlı olması üçün mən oğluma qarşı çox tələbkar ana olmuşam. Hətta, indi daha yaxşı anlayıram ki, mən öz oğluma həddindən çox tələbkar olmuşam.

Fuad orta təhsilini Bakı Türk Anadolu liseyində alıb. Əla qiymətlərlə oxuduğu 11 illik orta təhsildən sonra o, Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin bakalavr və ardınca isə eyni fakültənin magistr pilləsini qırmızı diplomla bitirib. Təhsil aldığı müddətdə onun müəllimlərindən yalnız tərif sözləri eşitdim.

Jurnalist olmaq arzusu 2011-ci ildə onu Azərbaycan İctimai Televiziya və Radio Yayımlar Şirkətinə gətirdi. İTV-nin Hüquq və beynəlxalq əlaqələr departamentdə koordinator işləmə başlayan Fuad qısa müddət ərzində öz istedadı ilə kollektivin rəğbətini qazanmağı bacardı. Ölkəmizdə keçirilən “Avroviziya” mahnı yarışmasında öz fəallığı ilə seçilən Fuad Musazadə sonrakı bir neçə il ərzində bu müsabiqənin Azərbaycan nümayəndə heyətinin mətbuat katibi oldu. O, “Evromedia”, MQP-da hüquqşünas və beynəlxalq əlaqələr üzrə mütəxəssis, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr departamentində sektor müdiri vəzifəsində işlədi və nəhayət, son fəaliyyətini Azərbaycan Televiziyasında davam etdirdi.

Həyatı boyu mən oğlumun nədənsə şikayət etdiyinin şahidi olmadım. O çox iradəliydi, deyərdi ki, insan bir qərar aldısa bu yolda nə qədər çətinlik olursa-olsun, şikayətlənməməlidir. Çox çətin anlarda səssizliyə qapılır, hətta yorğunluğunu bəlli etməmək üçün gözlərinin qarşılaşmamasına çalışır, uzaqdan salamlaşaraq başını aşağı salırdı. Qəribə bir işgüzar tərzi vardı. Mənimlə bölüşməsə də, onun halından ümumi işləri barədə müəyyən təsəvvür qura bilirdim. Mən oğluma çox güvənir və hər zaman onunla qürur duyurdum. Ona qibtə edirdilər, o bizim fəxrimiz idi.

Özümü dərk etdiyim ilk uşaqlıq illərindən xatırladığım qədər hər il sentyabr ayı gəldiyində, qəlbimdə izah edilməz, qəribə bir qorxu baş qaldırardı. Mən bu qorxunun səbəbini illərlə axtardım. Aldığım bəzi cavablarım bunu payızın gəlişinə bağlayırdı. Heyhat, payızın gəlişi deyilmiş, qəlbimin sirli qorxularının əsl səbəbi… Sən demə, illər sonra həyatın ən ülvi duyğusu, analığı mənə bəxş edəcək oğlumun sevgisiylə dolacaq qəlbimi qorxudan baş verəcək müdhiş fəlakətimin erkən sezgiləriymiş…
Bəli, sıradan bir payız günü oğlumu məndən qopardı…

Zamanla hər dərd unudulur, sağalır deyiblər… Ancaq sənsiz keçən hər anın acısı üst-üstə gəlir, yaralarım ağırlaşır, acılarım çoxalır…

Sədaqət Fuad

yazıçı, ADU-nun baş müəllimi