Müddətli həqiqi hərbi xidmətə çağırış davam edir – FOTOLAR
Vətənə xidmət etmək, onun keşiyində durmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Ölkə vətəndaşları, xüsusilə də gənclər bu borcu şərəf və ləyaqətlə yerinə yetirməyə hər an hazır olmalıdırlar. Çox sevindiricidir ki, Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən gənclərimiz ordu sıralarına böyük ruh yüksəkliyi və həvəslə gedirlər.
Prezident İlham Əliyevin iyunun 11-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama əsasən iyulun 1-dən etibarən çağırışçıların müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsi davam etdirilir.
Respublikamızda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində vətəndaşların sağlamlığının qorunmasına yönələn preventiv və təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi və mümkün risklərin minimallaşdırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən zəruri addımlar atılıb.
Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə uyğun olaraq, müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar çağırışa hazırlıq dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər.
Aktor.Az xəbər verir ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək xidmət yerlərinə təhvil verilirlər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “COVİD-19 pandemiyası dövründə Azərbaycan Respublikası vətəndaşlarının növbəti müddətli həqiqi hərbi xidmətə çağırışı zamanı müayinə işinin təşkilinə dair müvəqqəti təlimatın” tələblərinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə göndərilən vətəndaşlardan hərbi hissələrdə qəbulun birinci günündə burun-udlaq nahiyəsindən nümunələrin götürülməsi və TƏBİB tərəfindən koordinasiya edilən laboratoriyalara göndərilməsi, o cümlədən qəbul olunan heyətin ayrı və yaxud təcrid olunmuş binada 14 gün müddətində karantin rejimində izolyasiya edilməsi və test cavablarının nəticələrinə uyğun olaraq, şübhəlilərin müvafiq qaydada mobilizasiyası həyata keçirilir.