Ermənistan hər gün inqilaba yaxınlaşır – DEPUTAT
“Ermənistanda pandemiya dövründə onsuz da mövcud olan iqtisadi və siyasi gərginlik daha da artıb və Ermənistan bu gün pandemiyanın yayıldığı ərazi baxımından qırmızı zona elan olunub. Bu da şübhəsiz ki, ölkə daxilində gərginliyi artıran yeni səbəblər yaradır. Xüsusilə də Paşinyan çox yaxşı bilir ki, etiraz dalğası 2018-ci ildəkin daha böyük ola bilər və o, öz sələfinin taleyini yaşaya bilər. Yəni, inqilab dalğası ilə hakimiyyətdən uzaqlaşa bilər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
Politoloq bildirib ki, bu günlərdə cənab prezident İlham Əliyevin Mingəçevirdə yeni hərbi hissənin açılışında qeyd etdiyi kimi Ermənistanda faktiki olaraq xunta rejimini diktatura rejimi əvəz edir və ideoloji baxımından indiki hakimiyyət, keçmiş hakimiyyətin siyasətini davam etdirir: “Bu diktatura rejimi özünü onda əks etdirir ki, bütün siyasi opponentlərə qarşı təzyiq və təqib siyasəti həyata keçirilir. Azad söz boğulur. Cənab İlham Əliyev bir jurnalisti misal gətiərək qeyd edib ki, o, Paşinyan rejimini tənqid etdiyinə görə həbs edilib, aclıq aksiyası keçirib və onun bu kompaniyasına heç kim diqqət yetirməyib. Nəticədə həmin jurnalist ölüb və dünya, beynəlxalq təşkilatlar da buna susub. Sanki Ermənistanda heçnə baş verməyib. Eyni zamanda Paşinyan partiya rəhbəri olan deputat Sarukyanın toxunulmazlıq hüququnun ləğvinə nail oldu. İndi Sarukyana və onun yaxın əhatəsinə cinayət işi açılır. Demək olar ki, bütün siyasi rəqiblərlə məhz təhdid dili ilə danışılır. Ermənistanın sabiq prezidenti Köçəryan da həbs edilmişdi. Yəqin ki, o da müvəqqəti olaraq azadlığa buraxılıb. Eyni zamanda Serj Sarkisyana qarşı cinayət işi açılıb”.
Deputanın sözlərinə görə, ölkədə Paşinyan rejimi əleyhinə kimlər ki, əks mövqedə dayanıb, onların hər birinin yolu həbsxanada keçir: “Eyni zamanda yeganə qurum Konstitusiya məhkəməsidir ki, Paşinyana qarşı fərqli mövqedə idi və onun siyasətini tənqid edirdi. İndi də referendumla deyil, parlament yolu ilə Konstitusiya məhkəməsinə dəyişiklik etmək istəyir. Hansı ki, bu da tamamilə qanunaziddir və Ermənistan Konstitusiyasının pozulması deməkdir. Bütün bunlar onu göstərir ki, Paşinyan faktiki diktator kimi özünü aparır və çox gözəl dərk edir ki, onun hakimiyyətinin sonu yaxınlaşır və bunu hiss etdikcə onun diktatura ambisiyası daha da kəskinləşməkdədir. Yəni, hakimiyyətin hər üç qanadı onun əlindədir. Həm məhkəmə hakimiyyəti, həm qanunverici hakimiyyəti, həm də icra hakimiyyəti. Paşinyan özü həm hakimdir, həm də prokuror. Cənab Prezident onun fəaliyyətinə belə qiymət verdi”.
E.Nəsirov vurğulayıb ki, belə olan halda post-pandemiya dövrünün Paşinyan üçün daha təhlükəli olacağı proqnozlaşdırılır: “Hazırki vəziyyətdə siyasi və iqtisadi katakilizmlərin labüd olacağı görünür. Çünki kasıb Ermənistanın iqtisadiyyatı pandemiya dövründə ümumiyyətlə çökür. Nəticə etibarilə Ermənistan hər gün daha çox inqilaba yaxınlaşır. İndidən erməni ekspertləri belə fikirlər söyləyirlər ki, inqilab daha qanlı inqilab ola bilər. Xarici siyasət isə bərbad vəziyyətdədir. Əsas müttəfiq hesab edilən Rusiya ilə çox gərgin münasibətlər yaşanır. Hətta Paşinyanın hakimiyyəti müddətində Rusiya prezidenti Valdimr Putinin bir dəfə də olsun Ermənistana rəsmi səfəri olmayıb. Bir dəfə işgüzar səfərdə olub, onda da Paşinyanın həbs etdirdiyi Köçəryanın xanımı ilə görüş keçirib. Bu isə onu təsdiq edir ki, bu gün Rusiyanın özündə Ermənistana münasibət olduqca pisdir. Bütün bu hadisələr fonunda Ermənistanda inqilabın baş verəcəyini proqnozlaşdırmaq prinsip etibarilə mümkündür”.