ManşetSağlıqXəbər xətti

Baş mütəxəssis:”Stomatoloqun səhvi çoxlarını virusa yoluxdura bilər” – MÜSAHİBƏ

“Qlobal bəla sayılan COVID-19 koronaviris infeksiyası, çox təəssüf ki, bizim respublikamızdan da yan keçmədi. Təbii ki, bu pandemiyanın tam aradan qalxmasını səbirsizlikıə gözləsək də, hələ ki, ona qarşı peyvəndin hazır olmaması və spesifik müalicə vasitəsinin icad olunmaması bizim bu infeksiya ilə hələ bir müddət yaşamalı olacağımız anlamına gəlir”.Bunu e-tibb.az-a Azərbaycan Tibb Universitetinin (ATU) Ortopedik stomatologiya kafedrasının müdiri, respublikanın baş stomatoloqu, tibb elmləri doktoru, professor Nazim Pənahov deyib.

Baş mütəxəssis bildirib ki, belə bir məqamda stomatoloqların da üzərinə çox böyük məsuliyyət düşür:

– Təsəvvür edin, hamı bilir ki, bu infeksiya yaxın təmas, eləcə də hava-damcı yolu ilə ötürülür. Stomatoloqlar isə bu iki ötürülmə vasitəsinin, belə desək, özəyində çalışırlar. Bir tərəfdən, pasiyentlə həkim-stomatoloq arasındakı fiziki məsafənin tam yaxın olması, digər tərəfdən də ağız boşluğunun tüpürcək mühiti. Burada artıq tüpürcək damlacıqları ilə yaxın təmasdan deyil, birbaşa tüpürcəyin yarandığı və yerləşdiyi mühitdəki küllü miqdardakı təmasdan söhbət gedir. Bu baxımdan, stomatoloqun etdiyi kiçik səhlənkarlıq, yaxud onun gigiyena qaydalarına riayət zamanı etdiyi səhv nəinki özünün, eləcə də ailəsinin, yaxın çevrəsinin, həmçinin digər xəstələrin və ümumilikdə işlədiyi klinikadakı bütün personalın yoluxmasına səbəb ola bilər. Təbii ki, bunları göz önünə almaqla, hər bir həkimin bilməli olduğu, bizim fakültədə hələ tələbələrə ilk dövrdən öyrətməyə çalışdığımız, indi isə xüsusilə vacib olan bir qızıl qaydaya riayət edilməlidir. Bu qaydanı mən tələbələrimizə belə aşılayıram: Sizə yaxınlıq və qohumluq dərəcəsindən asılı olmadan, hər bir müraciət edən şəxsə, fərq qoymadan, sənin valideynindir, dostundur və ya tanımadığın bir kimsədir, potensial virus daşıyıcısı kimi baxmalısan. Onun müayinəsi və müalicəsi zamanı heç bir zaman bu ehtiyatı əldən verməməlisən. Və əgər sən özünü bu infeksiyadan qoruyacaqsansa, deməli, bütün ətrafın da səndən əmin olacaq və sən onları yoluxdurmayacaqsan.

– İndiki dövrdə dişlərə, ağız boşluğuna qulluq necə olmalıdır, ənənəvi qulluq qaydalarından fərqli nələrsə edilməlidirmi?

– Bu infeksiya yayılmadan öncə də, ağız boşluğu xüsusi təhlükəli infeksiyaların, məsələn AİDS, hepatit, vərəm, sifilis və s. kimi infeksiyaların potensial yayılma ocağı sayılırdı. Amma bu qızıl qaydaya riayət edən həkimlər, təbii ki, bu infeksiyaya yoluxmur və başqasına da yaymırdı. İndi də bu sıraya COVID-19 qatılıb. Sadəcə, vacib gigiyenik qaydalara mütləq riayət edilməlidir.

Belə bir xırdalığı misal çəkmək istərdim, amma əslində bu xırdalıq infeksiyanın yayılmasında çox önləyici əməllərdən sayılır. Məsələn, mən bir həkim olaraq, əlimə əlcək, üzümə maska taxıramsa, bu artıq mənim şüurumda həmin nahiyələrin bulaşmış olduğu anlamı yaradır və heç vəchlə mən əlimdəki əlcəklə üzümdəki maskaya, yaxud bədənimin başqa nahiyələrinə, məsələn, saçıma, alnıma, eləcə də məni əhatə edən avadanlıqlara, otaqdakı mebelin rəflərinə, qapılarına və s. yerlərə toxunmuram. Əgər yardımçı personal otaqda deyilsə və mən məcbur qalıb nəyəsə toxunmalıyamsa, məsələn, mebelin qapısını açmalıyamsa, yaxud su kranını açmalıyamsa, onu sərbəst saxladığım və xəstə ilə təmas etdirmədiyim çeçələ barmaqlarımla, yaxud əlimin arxası yaxud dirsəyimlə edirəm. Mən bu vərdişin bizim əhalidə də yaranmasını çox arzulayardım. Belə ki, hərdən marketlərdə fikir verirəm ki, maska və əlcək taxan bəzi şəxslər bu qoruyuci vasitəni səhvən daha çox bulaşdırıcı vasitə kimi işlədirlər. Nəticə isə arzuedilən olmur çox hallarda.

– Bu gün insanların bir çoxu virusa yoluxmamaq üçün stomatoloqlara, stomatoloji kabinetlərə müraciət etməyə çəkinirlər. Ümumiyyətlə, pandemiya dövründə əsasən nələr nəzərə alınmalıdır? 

– Əhalinin həm də stomatoloqlarla bağlı olan narahatlığı başa düşüləndir, əsassız da deyil, lakin tədbirli olsaq, bir o qədər də qorxulu deyil. Əgər sizdə həkim-stomatoloqa müraciət etmək zərurəti yaranarsa, məsələn, dişlərinizdə kəskin ağrı, gecə ağrıları, daimi sızıltı və s. bu kimi hallarda, təbii ki, ehtiyat tədbirlərinizi görməklə, eləcə də getdiyiniz stomatoloji klinikada bu tədbirlərə ciddi əməl olunmasına əmin olduqdan sonra, müalicə üçün müraciət edə bilərsiz. Bilin ki, həkim özünü qorumağa çalışacaqsa, deməli, sizi də qoruyacaqdır.

Amma bəzi hallar məsələn, estetik baxımdan bəzi konstruksiyaların hazırlanması, yaxud dişlərin ağardılması və digər bu kimi planlı işləri, məncə bir müddət təxirə sala bilərsiniz. Belə ki, sadaladığım estetik prosedurlar sizi həkim qəbuluna uzun müddət gəlməyimizə səbəb olacaq, deməli, sizin həmin klinikada olma müddətiniz və təsadüfən yoluxma ehtimalınız da arta bilər. Eləcə də dişlərin yonularkən havaya dağılan aerozol şəklində damlacıqlar həm həkimin, həm də sizdən sonra müraciət edən xəstə üçün risk amili sayılır.

– Virusdan qorunmaq üçün ağız boşluğu üçün xüsusi vasitələrdən istifadə edilməlidirmi? Bu gün bir çox mütəxəssislər virusa yoluxmamaq üçün müəyyən dərmanlar, eləcə də burun spreyləri, qarqaralar tövsiyə edirlər? Sizcə, bunların əsası varmı?

– Ağız boşluğunun gigiyenasına ciddi riayət etmək, bu virus yayılmazdan öncə də vacib idi, indi də təbii ki, vacibdir. Əsas məsələ – immun sisteminizi zəiflətməyin. Çünki bədənimiz elə qurulub ki, güclü immunitetə malik olsaq, istənilən infeksiya ilə mübarizə apara bilərik. Bir də ki, son zamanlar bəzi insanlarda bir qədər pessimist əhval-ruhiyyə hiss edilməkdədir. Sanki bu virusa yoluxanın sonu, Allah qorusun, ölümlə nəticələnir. Düşünürəm ki, bir az bu fikrə tənqidi yanaşmalıyıq, statistik göstəriciləri nəzərə almalıyıq. Dünya üzrə yoluxanların 99%-nin bu xəstəliyi yüngül və orta, yalnız 1%-nin ağır keçirdiyini nəzərə almalıyıq. Amma tədbirlərə riayət etməklə, özümüzü qorumaqla, təbii ki, ətrafdakıları da qorumuş olarıq.