Pandemiya dövründə ən çox sifariş edilən məhsullar açıqlanıb – Azərbaycandan
Pandemiya dövründə Azexport.az internet portalına daxil olan sifarişlər sırasında əsasən kənd təsərrüfatı və gündəlik tələbat məhsulları önə çıxıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının meneceri Ayxan Qədəşov bildirib ki, bura kartof, pomidor, toyuq əti, toyuq yumurtası, pambıq, pambıq yağı, nar şirəsi, qənnadı məhsulları daxildir.
Bununla yanaşı pandemiya dövründə portala daxil olan sifarişlər arasında xalq təbabətində geniş istifadə olunan soğan, zəncəfil, sarımsaq, sarıkök və bu kimi digər məhsullara da sifarişlər mövcuddur.
May ayının ikinci yarısından etibarən dünyada karantin qaydalarının yumuşaldılması prosesinə start veriləndən sonra portala daxil olan ixrac sifarişlərində də kənd təsərrüfatı məhsulları ilə yanaşı metal konstruksiyalar, uşaq bezi, tikinti məhsulları və tütün kimi digər məhsullara da sifarişlərdə artım müşahidə olunmağa başlanılıb.