Cavanşir Feyziyevin şirkətindən “koronavirus dərmanı” təxribatı: Əczaçılardan ETİRAZ
“Avromed” şirkəti yaranmış durumdan istifadə edərək rəqib aptekləri sıradan çıxarmağa çalışır.
Belə bir iddia ilə Mingəçevirdə fəaliyyət göstərən bir neçə əczaçı çıxış edib. AFN-ə açıqlama verən aptek işçiləri deyirlər ki, şirkət koronavirusun müalicəsində istifadə olunan dərmanları onlara satmır: “Tarif Şurası tərəfindən qiyməti tənzimlənən virus əleyhinə arbidol pereparatının distribüteri olan “AvroMed” şirkəti bu pereparatı ancaq öz doktalarına (apteklərinə-red) verir. Bizim kimi lisenziyası olan apteklərin sifarişini, depoda yoxdur deyə geri çevirirlər. Ancaq hamımız bilirik ki, öz doktalarına əlaltdan bu pereperatı sifariş əsasında ötürür. Sadəcə olaraq bizim doktalardan fərqimiz odur ki, onlar bütün dərmanları nağd satırlar, biz isə depoya nağd ödəniş etsək də, imkansız xəstələrimizə maaş, pensiya vaxtı hissə-hissə ödəmələrinə razılaşaraq nisyə veririk. Yəni, bir sözlə, Tarif Şurasının qoyduğu qiymətə satsaq da, imkansız insanlarımızı geri çevirmirik.
Son günlər dəfələrlə bu pereparat üçün kifayət qədər xəstə müraciət edib, ancaq depo sifarişimizi qəbul etmədiyi üçün yoxdur deməyə məcbur olmuşuq”.
Əczaçılar deyirlər ki, “Avromed” arbidolu həm də özəl klinikalara topdan baha qiymətə satır: “Dövlət tərəfindən 7 manat qoyulan qiymət indi 60-150 manat arasında dəyişir. Öz apteklərində bu qiymətə satırlar”.
“Avromed”dən suallara yalnız Şəhla Mahmudovanın cavab verə biləcəyi deyilsə də, onun e-mail ünvanına göndərdiyimiz sorğuya cavab verilmədi.
Qeyd edək ki, “Avromed”in sahibi deputat Cavanşir Feyziyevdir.