GündəmKÖŞƏManşetSağlıqXəbər xətti

TƏBİB, bizi bu hala salanı gətir… – Vasif Həsənli yazır

“Təbib, sən əlləmə mənim yaramı…”. TƏBİB və Operativ Qərargahın başımıza açdığı oyunları gördükcə məşhur mahnının bu sözləri yada düşür. 

 

Koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə ölkədə tətbiq edilən ciddi karantin rejimi daha iki həftə – iyunun 20-nə qədər uzadıldı. Amma bu gün bütün ölkə təkcə pandemiyanın çətinləşdirdiyi həyatımızla yanaşı, yeni çətinliklə də üz-üzə qaldı. Belə ki, “icaze.e-gov.az” portalında bütün icazələr silindi və bildirildi ki, “hər bir təşkilat işə çıxmalı olan əməkdaşları üçün yenidən icazə almalıdır”. 

 

Anlayışla qarşılandı və icazə almaq üçün məlum portala daxil olanda texniki problemlər yarandı.

Rəsmi açıqlamada bildirilir ki, portalda texniki problem yaranıb. Bu ağlamalı günümüzdə ölkə gülməli vəziyyətlə üzləşib. Necə olur ki, bu qədər əhəmiyyətli bir məsələdə texniki problem yaranır, necə olur ki, bütün ölkənin həyatı TƏBİB-də, Operativ Qərargahda, eləcə də digər müvafiq qurumlarda əyləşənlərin yarıtmaz işinə bağlı qalıb?!

 

Ölkə rəhbərliyi bu qurumlara limitsiz səlahiyyəti ona görə verib ki, pandemiyanın yayılmasının qarşısı alınsın, həm də karantin dövründə vətəndaşlar çətinliklə üzləşməsinlər.

Bəs onlar nə edir?

 

Hər şey göz qabağındadır. Portalda yaranmış texniki problem bütün ölkəni, işəgötürənləri və işçiləri çıxılmaz vəziyyətə saldı.

Amma o da şübhəlidir ki, bu texniki problem təbii prosesdirmi? Çünki “icaze.e-gov.az” portalına daxil olmaq mümkün idi və icazələrin ləğvindən sonra birdən-birə problem yarandı. Deməli, baş verənlərin qeyri-təbii olması, “texniki problemin” TƏBİB, Operativ Qərargah və karantin dövründə icazə məsələlərini həll edən müvafiq qurumların özlərinə yaxın olan iri şirkətlərin icazə almasını asanlaşdırmaq üçün süni yaradıldığı ehtimalı önə çıxır.

 

Hazırda bütün media icazə məsələsinə görə çətin vəziyyətdə qalan əsas sahələrdəndir və yeni iş həftəsində nə edəcəyini bilmir. Halbuki, media hər zaman olduğu kimi, bu pandemiya dövründə də həkimlər və polislər qədər mübarizənin ön cəbhəsində yer alır. Bizi ön cəbhədən geri çəkmək ictimaiyyətin informasiya təminatını heçə saymaq, xüsusilə karantin qaydalarına əməl edilməsi üçün həyata keçirilən maarifləndirmə prosesini baltalamaq deməkdir.

Burada sual yaranır: pandemiyaya qarşı mübarizədən məsuliyyət daşıyan qurumlar doğrudanmı öz profillərinə uyğun fəaliyyət göstərirlər?

 

 

Birincisi, medianın işini əngəlləmək pandemiyaya qarşı mübarizədə həyati əhəmiyyət daşıyan maarifləndirmənin qarşısını almaqdır. Bunu TƏBİB və Operativ Qərargahda əyləşənlər anlayırlarmı, görəsən.

 

İkincisi, media və ölkə üçün vacib sahələrin işini əngəlləyənlər yaxşı olar ki, karantin qaydalarını pozanlara, hər kəsin həyatını təhlükəyə atanlara qarşı sərt mübarizə aparsın.

 

“Alov qüllələri”ndə karantin qaydalarının pozulması sübut edir ki, müvafiq orqanların məhdudiyyətləri yalnız sadə xalqa şamil olunur. Belə çıxır ki, kimin pulu var, o virus daşıyıcısı ola bilməz, yaxud vətəndaşların həyatını təhlükəyə atmır?!

 

TƏBİB və Operativ Qərargahda əyləşənlərin verdikləri qərarlar bir daha göstərir ki, onlar üzərlərinə düşən məsuliyyəti anlamır və baş-ayaq işləyirlər. Əks təqdirdə, medianın işini əngəlləmək əvəzinə, karantin qaydalarını pozanlara qarşı mübarizə aparardılar. Çünki virusa yoluxma hallarının sürətlə artmasının günahkarı da məhz qoyulan qaydaları pozanlar və hər kəsin həyatını təhlükəyə atanlardır.

 

 

Yuxarıda xatırladığımız mahnıda deyildiyi kimi: “Təbib, sən əlləmə mənim yaramı, məni bu hallara salanı gətir”.

 

TƏBİB, qaydalara əməl edənləri yox, bizi bu hallara salanı, ölkədə yoluxmanı pik həddə çatdıranları gətirin, onlara qarşı tədbirlər görün…

Vasif Həsənli

Demokrat.az” xəbər portalının baş redaktoru