General 245 veterana ərzaq yardımına dair tapşırıq verib
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq Azərbaycan Respuplikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynov şəxsi təşəbbüsü ilə 245 nəfər müharibə veteranına ərzaq yardım paketlərinin paylanılmasına dair tapşırıq vermişdir. Aksiyanın keçirilməsinin məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlarımıza dəstək göstərməkdir.
General-polkovnik Tofiq Ağahüseynov “Evdə qal, həyatları xilas et!” çağırışı ilə müraciət edərək başda veteranlar olmaqla, əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyi tövsiyyə edir.
Azərbaycan Respuplikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun veteranlara müraciət məktubunu sizlərə təqdim edirik. “Əziz veteran dostlarımız, bu çətin zamanda mən Sizə möhkəm can sağlığı və sakit həyat arzulayıram. Cənab Prezidentimiz hər birimizin vətən qarşısındakı xidmətlərini bilir və hər zaman yüksək qiymətləndirir. Onun köməyi və dəstəyi ilə biz bu çətin dövrü də arxada qoyacağıq.
Özünüzü və yaxınlarınızı qoruyun! Ruhdan düşməyin! Koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü bir vaxtda Prezidentimiz İlham Əliyev cənabları tərəfindən atılmış qabaqlayıcı addımlar nəticəsində ölkəmiz bu bəladan cüzi itkilərlə çıxmaq üzrədir.Yaddan çıxarmayın ki, biz birlikdə bundan da çətin vaxtlardan qalıb çıxmışıq!
Siz hər zaman bizim qəlbimizdəsiniz! Biz Sizi hər zaman xatırlayırıq və çox sevirik! “
Məlumat üçün qeyd edək ki, nəzərdə tutulmuş yardım aksiyası Azərbaycan Respuplikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun tağşırığı ilə bu gündən Təşkilatın Gənclərin Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayevanın iştirakı ilə başladılıb.