Ermənistan region və dünya üçün bir virusdur – Millət vəkili
Bütün bəşəriyyət koronavirus pandemiyası ilə müharibə vəziyətində yaşayır. Və əslində bu müharibəni XXI əsrin müharibəsi də adlandırmaq olar. Bu ümumi bəlaya qarşı bütün dünya dövlətlərinin səyləri birləşdiriləcəyi təqdirdə qalib gəlmək mümkündür.
Ayrı-ayrı dövlətlərin milli səviyədə apardığı mübarizə ilə bu ümumi bəlaya qalib gəlmək mümkün deyil. Hər bir dövlət milli səviyədə mübarizə aparmalıdır, eyni zamanda beynəlxalq səviyədə də bir-birinə dəstək verməlidir və bu dəhşətli bəlanın qarşısını almalıdır.
Bu baxımdan hesab edirəm ki, Azərbaycan dövləti nümunəvi, örnək dövlət oldu. Ölkə Prezidenti Cənab İlham Əliyev elə koronavirus pandemiyası başladığı vaxtdan bu ümumi bəlaya qarşı ilk növbədə önləyici addımlar atdı. Sistemli və ardıcıl atılan addımlar öz nəticəsini verib.
Xüsusilə də bu addımlar milli səviyədə reallaşdırılıb. Milli səviyədə reallaşdırılan addimlar sayəsində ölkəmizdə karantin rejimi tətbiq edilib, sərt karantin rejiminə keçid edilib, yumşaldılma ilə əvəz edilib və sonda yenidən sərtləşdirilib və sair. Bütün bunlar situativ addımlardır. Vəziyətin gedişi ilə atılan addımlardır. Məqsəd isə yalnız ölkə vətəndaşını xilas etmək, xalqımızın sağlamlığını qorumaqdır.
Bundan əlavə digər mühüm vəzifə əhalinin sosial müdafiəsinin təminatı ilə bağlıdır. Çünki insanlar bu vəziyətdə evdə qalırlar, işə çıxmırlar və nəticədə təbii ki, onların sosial vəziyətində problemlər yaranır və bu nöqteyi nəzərdən Cənab Prezidentin atdığı addımlar sayəsində təxminən 9 mindən çox dövlət sektorunda işləyən insanlara əmək haqqı ödənilir, təxminən 690-700 minə yaxın sahibkarlıq subyektlərinin böyük əksəriyyətinə maliyə dəstəyi göstərilir, kiçik və mikra sahibkarlığın inkişafı ilə bağlı, onların sosial müdafiəsi ilə bağlı həlledici addımlar atılır və eyni zamanda təxminən 600 minə qədər işsiz, pandemiya dövründə işini itirmiş və yaxud qeyri-formal fəaliyyət göstərmiş insanlara da dəstək verilir və artıq aprel, may və iyun ayları ərzində bu kateqoriyadan olan insanların hər birinə 190 manatlıq birdəfəlik müavinətlər ödənilməklə maliyə dəstəyi verildi.
Bu sözləri Demokrat.az-a açıqlamasında Millət Vəkili, politoloq Elman Nəsirov söyləyib. Elman Nəsirov qeyd edib ki, bütün bunların nəticəsində ölkə büdcəsindən təxminən 3,5 milyard manat vəsait bu məqsədlə xərclənmişdir. Eyni zamanda onu da qeyd edim ki, ölkəmiz bu ümumi bəlaya qarşı mübarizədə, bu prosesdə xüsusilə həkimlərin və polislərin xidmətlərini vurğulamaq istərdim. Sözun əsl mənasında bu peşənin sahibləri günümüzün qəhrəmanlarıdır.
Həkimlər öz həyatlarını təhlükə altında qoyub insanları xilas edirlər. Həmçinin polislərimiz gecə-gündüz soyuqda, istidə insanların təhlükəsizliyi ilə məşquldurlar və onların koronavirus pandemiyasının qorunması prosesində öz peşələrinə uyğun olaraq müstəsna dəstək verirlər. Fürsətdən istifadə edib saytınız vasitəsilə dünənki Polisimizin yaranmasının 102-ci ildönümü münasibətilə onları bir daha təbrik edirəm. Açıq şəkildə söyləyirəm ki, onlar doğurdan da, bizim günümüzün qəhrəmanıdılar. “Mənim polisim məni qoruyur” şuarı bu günləri heç bir zaman olmadığı qədər aktuallıq kəsb edir.
Eyni zamanda onu da qeyd edim ki, Azərbaycan eyni zamanda regional və beynəlxalq səviyədə bu bəlaya qarşı mübarizə prosesinə böyük dəstək verir. Ölkə prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə aprel ayında türk dilli ölkələrin əməkdaşlıq şurasının Bakıda onlayn formatında “Zirvə görüşü” keçirildi. Bu Zirvə görüşü milli səviyədə təcrübə mübadiləsi baxımından olduqca mühüm hadisə idi. Bu istiqamətdə dünya səviyəsində atılmış ilk addım idi. Çünki söhbət dövlət və hökümət başçıları səviyəsində keçirilən bir tədbirdən gedirdi.
Bunun ardınca Cənab Prezidentin təşəbbüsü ilə may ayının 4-də Qoşulmama hərəkatının təmas qrupunun onlayn formatında Zirvə görüşü keçirildi. Və bu Zirvə görüşü hesab edirəm ki, olduqca mühüm siyasi hadisə idi. BMT-in 2/3-i təşkil edir bu qoşulmama hərəkatının üzvləri və bu tədbirdə Cənab Prezidentin iki mühüm təşəbbüsü xüsusi məna və əhəmiyyət kəsb edir.
Bunlardan birincisi qoşulmama hərəkatına üzv olan ölkələr içərisində ən kasıb ölkələri tapmaq, onlara indiki durumda dəstək vermək, ikincisi isə BMT Baş Məclisinin koronavirus pandemiyasına qarşı dünya dövlətlərinin səylərini birləşdirmək məqsədilə xüsusi iclası keçirmək idi.
Yeri gəlmişkən qeyd edim ki, indiyədək BMT Baş Məclisinin cəmi 30 belə xüsusi sessiyası keçirilib. Azərbaycan Prezidentinin bu təşəbbüsünü artıq BMT Baş Məclisində dünyanın 130-dan çox ölkəsi dəstəkləmişdir. 97 səs kifayətdir ki, bu tədbir baş tutsun. Bu Azərbaycanın nüfuzunun göstəricisidir ki, qoşulmama hərəkatının bütün üzvləri Avropa İttifaqının, Asiyanın, Afrikanın, Latın Amerikası ölkələrinin nümayəndələri Cənab Prezidentin bu uğurlu təşəbbüsünü dəstəkləmişdir. Təbii ki, bu olduqca əlamətdar hadisədir. Bu prosesdə təşəbbüsün əleyhinə çıxan, və BMT çərçivəsində öz etirazını bildirən yeganə ölkə Ermənistan Respublikası oldu.
Bu addımı ilə də Ermənistan Respublikası artıq özünü bütün dünya ölkələrinin gözündə ifşa etdi. Yeganə dövlət oldu ki pandemiyanın yanında yer aldı.
Azərbaycan dövləti, onun siyasi rəhbərliyi, dünyanın xilası naminə belə unikal təşəbbüslə çıxış edərkən Ermənistan virusun yanında yer alıb həmin təşəbbüsün əleyhinə çıxış etdi. Bununla da Ermənistan özünü virusun müttəfiqi kimi gostərdi. Elə əslində Ermənistan region və dünya üçün özü də bir virusdur, ona görə də ölkənin bu addımı bizim üçün də təəccüblü olmadı. Bir dövlət ki, faşizmi və terrorizmi dövlət siyasəti səviyəsinə qaldırdı, bu gün bəşəriyyəti ölümlə hədələyən və yarım milyondan çox insanın həyatına son qoyan bir virusun yanında yer alan dövlət Ermənistan oldu.
Bundan sonra isə hesab edirəm ki, koronavirus pandemiyasına qarşı mübarizə prosesində hər bir dövlət səylərini birləşdirməli və xüsusilə də ölkəmizə gəldikdə isə bizim bu sahədə 3 mühüm silahımız var: birliyimiz, həmrəyliyimiz və məsuliyyətimiz…
Amma məsuliyyət məsələsində müəyyən boşluqlar var. Təəssüflər olsun ki, müəyyən insanlar məsuliyyəti tam dərk etmirlər. Hələ de kimlərsə koronavirus pandemiyasının varlığına inanmırlar.
Son zamanlar bu istiqamətdə bir dezinformasiya maşını çalışır, bu da dünya üçün olduqca təhlükəlidir. Hər bir xalq üçün, hər bir insan üçün olduqca təhlükəli bir prosesdir. Ona görə hesab edirəm ki, indiki vəziyətdə maarifləndirmə rejimi və karantin rejimini pozan insanlara qarşı sərt cəza tədbirləri də gücləndirilməlidir.
Bilirsiniz ki, artıq bununla bağlı müəyyən addımlar atılır, Milli Məclisin son toplantısında bu məsələlərlə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər də olundu və cəza tədbirləri bir qədər də sərtləşdirildi. Fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat cərimələnirlər.
Hər birimiz məsuliyyət hissimizi gücləndirsək, məsuliyyəti davransaq nəticə etibarı ilə virusa tam olaraq qalib gələ bilərik.
Xatırladım ki, sərtləşdirilmiş karantin rejimi iyul ayının 20-ə qədər uzadıldı, bunun da yeganə səbəbi yoluxma dinamikasının kəskin artımı ilə bağlı idi.
Sonda saytınız vasitəsilə xalqımızı bir olmağa, məsuliyyəti və həmrəy olmağa çağırıram! Cənab Prezidentin dediyi kimi: Biz Birlikdə Güclüyük!
Hər birimiz evdə qalaq! -deyə Millət Vəkili vurğulayıb.