Milli Məclis öz işini səmərəli qurmağa nail ola bilib – Komitə sədri
Qlobal pandemiya dövrünün çətinlikləri fonunda Milli Məclisin yaz və növbədənkənar sessiyası başa çatıb. Cari dövrün çağırışlarına cavab verən qanunvericilik fəaliyyəti ilə parlament qarşısında duran hədəflərə əsasən nail olub.Trend-in məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
T.Mirkişili vurğulayıb ki, yaranan bir çox çətinliklərə baxmayaraq, parlamentin uğurlu fəaliyyəti ilk növbədə Prezident İlham Əliyevin yüksək diqqət və qayğısının nəticəsi olub:
“Dövlət başçısının Milli Məclisin ilk iclasında çıxışı zamanı parlamentə və onun üzvlərinə etdiyi tövsiyələr hər birimizin fəaliyyətində əsas prinsiplər olub. Yaz və növbədənkənar sessiya dövründə Milli Məclis çevik şəkildə dövlət siyasətinin çağırışlarına uyğunlaşmaq, düzgün formatlarda strukturlaşmaq, müasir kommunikasiya platformalarında sistemli işi təşkil etmək, iqtisadi, hüquqi və siyasi sənədləri hazırlamaq, geniş müzakirə atmosferi yaratmaqla öz işini səmərəli şəkildə qurmağa nail ola bilib”.
T.Mirkişili bildirib ki, sessiyalar zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi də həm iş planı üzrə, həm də qanun layihələrində edilən cari dəyişikliklərlə öz işini qurmağa çalışıb:
“Onlayn platformalardan geniş istifadə etməklə pandemiyanın məhdudiyyətlərinin qarşısını almaq əsasən mümkün oldu. Hesablama Palatasının illik hesabatının, 2019-cu ilin dövlət büdcəsinin icrası layihəsinin geniş müzakirəsi zamanı ilk dəfə olaraq qeyri-hökumət təşkilatlarının da iştirakı təmin edilməklə ictimai müzakirələrə geniş yer verilib. Qanun layihəsinin hazırlanması zamanı komitədə işçi qruplar yaradılıb və müzakirələrə ilk dəfə olaraq 3-cü tərəf, yəni qanunun tənzimləyəcəyi sahibkarlıq subyektləri də cəlb olunub və onların da fikirləri nəzərə alınıb.
Bu yeniliklərin əsas məqsədi dövlət başçısının tövsiyə etdiyi kimi, qanunların keyfiyyətini artırmaq, onların işlək mexanizmlərə malik olmasını təmin etməkdir. Sessiya zamanı pandemiya dövründə təsirlərə məruz qalan sahibkarlıq subyektləri üçün vergi güzəştlərini özündə ehtiva edən dəyişikliklərin qəbul edilməsi sahibkarlara bu dövr üçün mühüm dəstək mexanizmləri formalaşdırıb. Komitə üzvləri bu dövrdə mətbuatda xüsusi aktivlik nümayiş etdirərək iqtisadi və siyasi mövzularda maarifçilik işinin aparılmasına töhfə verməyə çalışıblar.
Hesab edirəm ki, aparılan siyasi və idarəetmə islahatları, ilk dəfə atılan addımlar cəmiyyətin Milli Məclisdən gözləntilərinə cavab verməyə çalışmaqla yanaşı, gələcək konseptual, planlı və strateji vəzifələrin həyata keçirilməsində müstəsna rol oynayacaq. Bizi qarşıda daha məhsuldar payız sessiyası gözləyir. Seçicilərin inamını doğrultmaq üçün fəaliyyətimizin səmərəsini artırmağı planlayırıq. Əminəm ki, növbəti sessiyada parlamentin uğurları daha çox olacaq”.