QHT Şurası və Real TV yeni ictimai kampaniyaya başlayır!
QHT Şurası və Real TV “qaydalara əməl et, cəmiyyəti qoru” adlı yeni ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlayır!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pandemiya ilə mübarizədə cəmiyyətin tam səfərbər olunması, vətəndaşların sosial məsuliyyətinin artırılması və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqları, etdiyi təklif və tövsiyələri əsas götürərək, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bir sıra vacib qərar qəbul edib.
Birincisi, Şuranın cari ilin iyun ayının 25-nə kimi QHT-lərlə elektron qaydada imzaladığı SƏLİS qrant müqaviləsi üzrə 290 QHT-nin layihə mövzuları qarşılıqlı razılıq əsasında dəyişdirilmiş və bu layihələr COVİD-19 ilə mübarizə tədbirlərinə, o cümlədən pandemiyanın yaratdığı problemlərin və çağırışların aradan qaldırılması məsələlərinə yönləndirilmişdir.
İkincisi, pandemiyaya qarşı mübarizənin effektivliyini artırmaq və vətəndaşların karantin rejimi qaydalarına tam əməl etmələrinə dəstək vermək üçün Şura və Real TV cari ilin mart və may aylarında həyata keçirdiyi “evdə qal, cəmiyyəti qoru” ictimai nəzarət və maarifləndrimə kampaniyasının davamı olaraq 1 iyul 2020-ci ildən etibarən “qaydalara əməl et, cəmiyyəti qoru” adlı yeni ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlamaq haqqında qərar qəbul edilmişdir.
“Qaydalara əməl et, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası üç istiqaməti əhatə edəcək:
1) İctimai məlumatlandırma;
2) İctimai nəzarət;
3) İctimai qınaq.
İctimai kampaniya ilk növbədə Operativ Qərargahın ciddi karantin rejimi tətbiq etdiyi Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda həyata keçiriləcək.