AzTU-nun magistrləri dissertasiya işlərini Buxarest aeroportunda müdafiə etdilər – FOTOLAR
Azərbaycan Texniki Universitetinin (AzTU) əlaçı magistrləri Nicat Mərdanlı və Samir Tağıyev 2020-ci ilin fevral-may ayları üçün dissertasiyası işi ilə əlaqədar Erasmus +K1 proqramı çərçivəsində Rumıniyanın Cluj-Napoca Texniki Universitetinə göndərilib.Bu barədə Universitetdən Aktor.Az-a verilən məlumatda deyilir.
Onlar mayın 31-dən sonra Vətənə qayıtmalı olsalar da, pandemiya səbəbindən bu mümkün olmayıb. Magistrlər Azərbaycana yalnız iyunun 29-da qayıda biləcəkləri ilə bağlı rəsmi icazə ala bilib. Maraqlıdır ki, magistrlərin dissertasiya işlərinin müdafiəsi də əvvəlcədən iyunun 29-na planlaşdırılıb. Nicat Mərdanlı və Samir Tağıyev məhz həmin tarixdə Buxarest aeroportunda olduqları üçün müdafiə prosesinə də oradan qoşulub. Rektor Vilayət Vəliyevin iştirakı ilə keçirilən müdafiədə magistrlərin dissertasiya işləri və suallara verdikləri dolğun cavablar komissiya tərəfindən yüksək qiymətləndirilib.