Poliklinikaların COVID-19-la mübarizədə görəcəyi işlər açıqlandı
Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün poliklinikalara yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən İşçi qrupu yaradılıb.AZƏRTAC xəbər verir ki, İşçi qrupun üzvü Nabil Seyidov bu yardımın nədən ibarət olduğu haqqında açıqlama verib.
Onun sözlərinə görə, yardım poliklinikaların idarə etməsi üçün Səhiyyə Nazirliyinin verdiyi metodiki tövsiyələr və təşkilatı məsələlərin həll edilməsindən ibarətdir.
Nabil Seyidov bildirib ki, evdə müalicə alan xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi və əhali tərəfindən müraciətlərin artması nəticəsində Təcili və Təxirəsalınmaz Tibbi Yardımın (TTTY) yüklülüyünün azaldılması məqsədilə Bakı şəhəri üzrə bütün rayonlarda simptomsuz və yüngül simptomlu yoluxmuş şəxslərin aşkarlanması, müayinəsi, laborator testlərindən keçirilməsi və davamlı təqibi üçün müvafiq ilkin səhiyyə müəssisələri artıq müəyyənləşdirilib: “Səhiyyə Nazirliyi tərəfindən simptomsuz və yüngül simptomlu şəxslərin müayinə və müalicəsinə dair xüsusi metodik tövsiyələr hazırlanıb, poliklinikalara əlavə təlimatlar təqdim edilib. Nazirlik tərəfindən təqdim olunan tövsiyələrə uyğun olaraq, vətəndaşlar COVID-19-la bağlı yaşadıqları ünvana uyğun olaraq, müvafiq poliklinikalarla əlaqə saxlayacaq. Poliklinikanın mütəxəssisləri tərəfindən vətəndaşın vəziyyəti ilkin olaraq qiymətləndiriləcək və COVID-19-a dəlalət edən şikayət, simptom və ya yoluxma riskini artıran digər faktorlar (məsələn, təmas) dəyərləndiriləcək. Tibb işçisinin qərarı əsasında yoluxma riski olan və ya koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və PZR testinin aparılması üçün poliklinikaların tibbi briqadaları evlərə səfər ediləcək və testlər üçün nümunələr məhz orada götürüləcək.
Ümumiyyətlə, Bakı şəhəri üzrə bütün poliklinikalara verilmiş tövsiyə və təlimatlara əsasən simptomsuz pasiyentlərin evdə müşahidəsi, yüngül gedişatlı xəstələrin müalicəsi təmin ediləcək. Pasiyentlərin səhhətlərində baş verən hər hansı pisləşmə və ya mənfi dinamika müəyyən edilən kimi onlar poliklinika həkimi tərəfindən təkrar qiymətləndiriləcək. Obyektiv pisləşmə olduqda həmin an hospitalizasiya olunacaq.
Poliklinikalar COVID-19-un müalicəsi ilə yanaşı öz adi fəaliyyətlərini davam etdirir. Yəni, dispanser qeydiyyatı olan digər xəstəliklərlə pasiyentlər poliklinikalarla telefonla təmas qura, həkimləri ilə əlaqə saxlaya və tələb olunduqda poliklinikaya gəlib, müayinədən keçə bilərlər.
Bütün bu tövsiyələrin yerinə yetirilməsi nəticəsində ilkin səhiyyə xidməti olan poliklinikalar COVID-19 xəstələrinə daha yaxşı tibbi yardım göstərməyə cəlb edilmiş olacaq, TTTY-nin yüklənməsi azalacaq və vətəndaşlarımıza COVID-19 pandemiyası dönəmində tələb olunan tibbi xidmətin göstərilməsi davam etdiriləcək”.