“Vətən qürur mənbəyimiz” adlı onlayn konfrans keçirilib
25 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə, video-konfrans keçirilib.Bu barədə Fonddan Aktor.Az-a verilən məlumatda deyilir.
Əvvəlki illərdə keçirilən tədbirlərdən fərqli olaraq bu ilki konfransın onlayn formatda keçirilməsi də gənclərimizdə vətəndaşlıq hisslərinin aşılanmasına, bu duyğuların fəlsəfəsini izah etməyə mane ola bilməyib.
Milli qəhrəmanlar, Qarabağ qaziləri, habelə, 2016-cı il aprel döyüşlərində iştirak etmiş hərbçilər, ictimai xadimlər, gənclər təşkilatlarının rəhbərləri, könüllülük hərəkatlarının nümayəndələri və fəal gənclərin iştirakı ilə keçirilən görüşdə, iştirakçılar bu günün əhəmiyyəti haqqında fikirlərini bölüşüb, gənclərdə vətəndaşlıq hisslərinin aşılanması ilə bağlı görülən və görüləcək işlər barədə söz açıb, Azərbaycan Silahlı Qüvvələrinin son illərdə keçdiyi inkişaf yolu müzakirə olunub.
Konfransa iştirak edən Milli Qəhrəmanlarımız gənclərə bildiriblər ki, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti ildən-ilə artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər. Qeyd edilib ki, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri öz vətənini sevən, onun tərəqqisinə çalışan, azadlığı uğrunda vuruşmağa və canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər.
Görüşdə iştirak edənlər ölkəmizin faktiki müharibə şəraitində yaşadığı bir dönəmdə, eyni zamanda bütün dünyanın savaşdığı başqa bir müharibənin də içərisində olduğunu bildirib, pandemiya ilə mübarizədə gənclərimizin də öndə olmasını tövsiyyə ediblər.