GündəmManşetSiyasətXəbər xətti

“Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması tarixin zərurəti və ədalətidir”

XX əsrin sonunda Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə Ermənistanın hərbi təcavüzü ilə qarşılaşdı və torpaqlarımız işğal altına düşdü. Həmin dövrdə ölkə çətin vəziyyətdə idi, ordu formalaşmamışdı, hansı istiqamətdə addımlar atılacağı bilinmirdi. Ölkədə sabitlik yox idi, xaos, hakimiyyətsizlik hökm sürürdü. Bu baxımdan, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və milli maraqların qorunmasına əsaslanan xarici siyasət tələb edirdi.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Ümummilli Lider məhz xalqımızın milli dəyərlərinə, adət-ənənələrinə, tarixi soykökünə, xüsusilə dövlətçilik prinsiplərinə sadiq qalaraq Azərbaycanın ideoloji fəaliyyət strategiyasını da məhz bu amillər üzərində qurdu. Bundan sonra Azərbaycanın siyasi kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən siyasət məhz Ümummilli Liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider son dərəcə təcrübəli dövlət başçısı və görkəmli siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirdi. Ulu Öndər hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə müstəqil dövlətçilik üçün vacib olan bir sıra məsələlərin həllinə nail olmuşdu. Məhz bu mənada Ümummilli Liderin tarixi missiyası hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə müstəqil dövlətin sütunlarını yaratması ilə başlamışdı.

Bu gün Azərbaycanın Silahli Qüvvələr Günündür. Azərbaycan Ordusu öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.

Ali Baş Komandanın daimi nəzarəti, diqqət və qayğısı, eyni zamanda, Müdafiə Nazirliyi rəhbərliyinin düzgün qurduğu fəaliyyət nəticəsində Ordumuzun üzüağ çıxdığı bu əməliyyatın ən böyük nəticələrindən biri odur ki, Azərbaycan Ordusu mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımdan Ermənistan ordusunu nə qədər qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi. Atəşkəs elan edildikdən keçən dövr ərzində ermənilər ilk dəfə törətdikləri təxribata görə cavablarını aldılar və bu, düşmən üçün gözlənilməz olduğu qədər də layiqli cavab oldu. Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra – 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı.

Bu gün Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində gündən-günə hərbi qüdrətini artıran Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etmək, düşmənə sarsıdıcı zərbə vurmaq üçün tam hazırdır. Xalqımız Ordumuzun hərbi qüdrətinə və Azərbaycan əsgərinin bəxş edəcəyi qələbə sevincinin uzaqda olmadığına qəti şəkildə inanır.

 

Yusif Ağayev

“Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi

İctimai Birliyinin məsləhətçisi, dosent