FotoXəbər xətti

Azay Quliyev seçicilərlə videogörüş keçirib – FOTOLAR

Bu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.
Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Əliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Arzuman Hüseynov da iştirak edib.

Videogörüşdə iştirak edən seçicilər işsiz və ya koronavirusla mübarizə tədbirləri nəticəsində işini itirmiş şəxslər üçün nəzərdə tutulan 190 manat məbləğində dövlət yardımının alınması, pensiya təminatı, binaların həyətlərinin abadlaşdırılması, əlillik statusunun verilməsi, kommunal və məşğulluq məsələləri ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Qaldırılan problemlərin bir qismi yerində həll edilib. Digər qismi ilə bağlı müvafiq izahat verilib. Mərkəzi icra hakimiyyəti qurumlarının səlahiyyətlərinə aid olan məsələləri isə aidiyyəti orqanların yerli idarələrinin rəhbərləri qeydə alıb və onların araşdırılaraq həll ediləcəyi bildirilib.

Deputat görüşdə qaldırılan məsələlərin həlli məsələsini nəzarətdə saxlayacağını deyib. Azay Quliyev, həmçinin, 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə seçicilərini təbrik edib.

Görüşdə iştirak edən seçicilər onların müraciətlərini daim diqqətdə saxladığı üçün deputat Azay Quliyevə təşəkkürlərini bildiriblər.