Mətbuat Şurasının sədri Operativ Qərargahla danışıqlar aparır – Müşfiq Ələsgərli
“Keçən dəfə də belə bir qərar qəbul olunmuşdu və sonra Mətbuat Şurası danışıqlar apardı və məsələni yoluna qoymaq mümkün oldu. Bu dəfə də məsələ gündəmdədir və Mətbuat Şurasının sədri əlaqə saxlayıb danışıqlar aparır”.
Bunu Moderator.az-a açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. M.Ələsgərli Operativ Qərargahın jurnalistlərlə bağlı qəbul etdiyi qərarın əslində onlar üçün faydalı olduğunu bildirib:
“Operativ Qərargah tərəfindən kütləvi informasiya vasitələrinin fəaliyyətinə ümumilikdə icazə verilib. Kimlərinki sənədləri qaydasındadı qərargahın saytında qeydiyyatdan keçərək işinə davam edir. Bu, birinci dəfə də belə olmuşdu. Vəziyyət sərbəst fəaliyyət göstərən jurnalistlər üçün çətinləşir. Keçən dəfə də belə bir qərar qəbul olunmuşdu və sonra Mətbuat Şurası danışıqlar apardı və məsələni yoluna qoymaq mümkün oldu. Bu dəfə də məsələ gündəmdədir və Mətbuat Şurasının sədri əlaqə saxlayıb danışıqlar aparır. Əgər bir yenilik olarsa, məlumat veriləcək. Burda hüquq və ya qanun pozuntusundan söhbət gedə bilməz. Sənədləri qaydasında olan KİV nümayəndələrinin fəaliyyətinə icazə verilib. Əslində bu sui-istifadə hallarının qarşısını almaqdan ötrüdür. Bilirsiniz ki, bu sahədə müəyyən saxtakarlıqlar var, bəzi redaksiyalar var ki, ümumiyyətlə, özləri mövcud deyil, amma onlarla adama vəsiqələr paylayırlar. Dırnağarası KİV-ləri bu fürsətdən istifadə edərək problemlər yaradırdılar. Yəni bu hal onun qarşısını almaqdan ötrüdür və əslində müəyyən mexanizmlərin tətbiq olunması lazımdır ki, real çalışanlarla, çalışmayanlar arasında fərq bilinsin. Bu qərar müəyyən mənada jurnalistlərin özləri üçün də faydalıdır. Rəhbərlik əməkdaşıyla müqavilə bağlamalıdır ki, o, sərbəst işləyə bilsin”.
Qeyd edək ki, Nazirlər Kabinetinin Mətbuat katibi İbrahim Məmmədov 21 iyundan 5 iyula kimi karantin rejimi müddətində jurnalistlərin vəsiqəylə hərəkət edə bilməyəcəklərini açıqlayıb.