Bu, Əliyevin erməni məkrinə vurduğu növbəti zərbədir – Millət vəkili

Paşinyan bir daha siyasi və diplomatik cəhətdən hələ kifayət qədər təcrübəyə sahib olmadığını, eyni zamanda iştirak etdiyi beynəlxalq sammitlərdə elementar davranış qaydalarına riayət edə bilmədiyini göstərdi.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitini şərh edərkən deyib. O bildirib ki, Azərbaycan Şərq Tərəfdaşlığının fəal ölkəsidir:

“Budəfəki tədbir olduqca vacib məqamlarla yadda qaldı. Yeri gəlmişkən qeyd edim ki, sammitdə 3 əsas mövzu müzakirə olundu. Birincisi, pandemiyaya qarşı birgə mübarizə səyləri, ikincisi, Şərq Tərəfdaşlıq proqramının strateji əhəmiyyəti, üçüncüsü, pandemiyadan sonrakı dövr üçün qarşıda duran vəzifələr. Azərbaycan istər Avropa İttifaqı, istərsə də İttifaqın Şərq Tərəfdaşlığı layihəsi üçün çox önəmli partnyorlardandır. Prezident İlham Əliyev çıxışı zamanı Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu bir daha qeyd etdi. Hətta biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ətrafında danışıqların yekun mərhələsindəyik”.

Deputat vurğulayıb ki, Avropa İttifaqı üçün Azərbaycan nümunəvi tərəfdaş, Ermənistan heç bir fayda verməyən, yardım uman bir ölkədir:

“Belə ki, ölkə başçısı Azərbaycanın pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırdığını qeyd etdiyi halda, Ermənistan Baş naziri eyni təşkilatdan 90 milyon yardım aldıqlarına görə də təşəkkür etdiyini bildirdi. Göründüyü kimi, bu gün Ermənistan Azərbaycanın əksinə, iştirak etdiyi təkilatlarda qurumlardan yalnız yardım ummaqla məşğuldur. Azərbaycan isə uğurlu tərəfdaş kimi daim innovativ layihələrlə ön planda çıxış edir”.

Deputatın sözlərinə görə, videokonfrans zamanı Prezident İlham Əliyevin Paşinyana cavabı sərt və tarixi oldu:

“Budəfəki sammitdə xüsusilə iki məqam yadda qaldı. Birincisi, Ermənistan Baş naziri Nikol Paşinyanın ermənicə replika atması, ikincisi, Prezident İlham Əliyevin Paşinyana şillə kimi cavabı. Ölkəmizin başçısı çıxışı zamanı bir daha iştirakçıların diqqətinə Azərbaycan həqiqətlərini diplomatik etiket qaydaları çərçivəsində çatdırdı. Lakin Nikol Paşinyan diplomatik etiket qaydalarını və ünsiyyət normalarını pozaraq, ermənicə replika atdı. Məsələ ondadır ki, Paşinyanın replikası da sonda onun özünün rüsvay olmasına gətirib çıxardı. O, Ramil Səfərova görə Azərbaycanı ittiham etdi. Prezident isə Parisin Orli hava limanında terror törədən Karapetyanın Ermənistana ekstradisiya edilib, prezident tərəfindən əfv olunduğunu xatırlatdı. Bu, təkcə Paşinyanın iddialarına yox, həm də erməni məkrinə vurulmuş ağır zərbə idi”.

Paylaş: