Yadlaşmayan daş yaddaşım – 20 yanvar
1990-cı ilin qanlı 20 Yanvarından düz 28 il ötür. Bu 28 ilin uzaqlığından hadisələr dünən baş verirmiş kimi gözlərimin önündədir.
Mənim nəzərlərimdə 20 Yanvar gecəsi bizim həm şəhid, həm də şahid gecəmiz idi. Azadlığımız, müstəqilliyimiz uğrunda tökülən qanlara, insanlarımızın bütöv olmasına şahid olan gecənin son ucu müstəqilliyimizin əldə olunması oldu. Asan olmadı, düzdür, amma oldu. Axı azadlıq qonşu payı tək verilmir, azadlıq qan bahasına alınır… Bu baxımdan da qanlı yanvara, şanlı yanvar de demək olar…
Hadisələrin iştirakçısı olaraq həmin günlər misilsiz qəhrəmanlıq göstərən dənizçilərimiz haqda qısaca yazmaq istəyirəm. Bu hadisələri özündə əks etdirən “Kəsilməyən həyəcan fiti” kitabımda ətraflı bəhs etmişəm.
Hadisələr bu gün baş verirmiş kimi gözlərimin önündən kino lenti kimi vərəqlənməkdə, keçməkdə…O gün özünün dəhşəti və vəhşəti ilə məni necə və harada qarsıdı…
1990-cı il yanvar ayının 19-da işlədiyim “Şirvan” gəmisi Neft Daşlarına yaxın bir yerdə lövbər atmışdı. Növbəti tapşırıqları yerinə yetirmək üçün havanın yaxşılaşmasını, əsən küləyin səngiməsini gözləyirdik. Növbədə olan ekipaj üzvlərindən savayı hamı istirahət edirdi. Təxminən axşam saat 22:00-23:00 arası olardı. Növbətçi matros kayutuma gəldi. Həyəcanlı idi.
– “Mayak” radiosunda musiqiyə qulaq asırdım. Ara kəsildi, kimsə həyəcanla dedi ki, Bakıda qırğındır. Əhalini küçələrə çıxıb, yaralılara kömək etməyə səsləyirdi. Sonra isə radio susdu.
Təcili kapitan körpüsünə qalxdım. Efir vasitəsi ilə, “Məni eşidən gəmilər, Bakıda qırğındır, məlumatınız olsun!” – dedim. Onu da başa düşdüm ki, düz etmirəm, gərək bu haqda gəmi kapitanına məruzə edəydim. Lakin bütün məsuliyyəti öz üzərimə götürdüm. Sonradan bu haqda gəmi kapitanına məruzə etdim. Özbaşınalığım indi Allahın rəhmətinə qovuşmuş kapitan İbad Məmmədovun və idarənin təlimatçı kapitanı, gəmiyə yoxlama üçün gələn Tofiq Hüseynovun qəzəbinə gəldi. Bir neçə gəmi bizimlə əlaqə saxlayıb, məlumatı dəqiqləşdirmək istədikdə T. Hüseynov açıq efirdə hər kəsi panikaya uymamağa, bunu bir gəncin şıltaqlığı kimi xarakterizə etmək cəhdinə adekvat reaksiya verdim: “Bu, doğru xəbərdir və bütün məsuliyyət mənim çiynimdədir”. Heyətin mənim tərəfimdə olduğunu gördükdə isə, tələb etdim ki, əgər qorxursuzsa, gəmi jurnalında qeydlər edin, yazın ki, gəminin komandanlığı ekipajın bir neçə üzvü tərəfindən ələ keçirilib. Sözsüz ki, bu edilmədi. Mən yenidən açıq efirdə eşitdiyimiz xəbəri təkrar etdim. Öz təqdimatımı verdim.
Neft daşları və Cilov adası rayonunda olan gəmilərin efir vasitəsi ilə kiçik məşvərəti oldu. Sahil ilə əlaqə yaratdıq. Məlumatın dəqiqliyini bildikdən sonra gəmilərin Bakıya qayıtmaq qərarı verildi.
Yanvarın 20-si təxminən saat 10-11 arası Buxtaya girdik. Artıq Bakı buxtası Xəzər Dəniz Neft Dononmasının gəmiləri tərəfindən mühasirəyə alınmışdı. Dənizdən Buxtaya gələn gəmilər artıq etiraz aksiyalarına başlamış gəmilərin verdiyi tapşırıqlara əsasən, müəyyən olunan nöqtələrdə lövbər atdıq. Artıq Bakı buxtasına giriş və çıxışın qarşısı alınmışdı.
Respublikanın demək olar ki, rəhbərsiz və başsız qaldığı bir zamanda dənizçilərin heç kəs tərəfindən gözləmədiyi bu mütəşəkkil birliyi insanlarımızın həyat eşqini özlərinə qaytardı. Sonralar yüzlərlə adamın etirafı belə oldu: Gəmilərin həyəcanlı fit səsi Bakının yaşamasından, mübarizə aparmasından, şəhidlərimizin qanının yerdə qalmayacağından xəbər verirdi.
“Sabit Orucov” gəmisi tərəfimizdən qərargah olaraq seçildi. Gəminin kapitanı Mövlud Əliyevin efir vasitəsi ilə çıxış etməsi, hər kəsi diqqətli olub şayiələrə uymamağa çağırması öz işini gördü. 7 kapitandan ibarət “Kapitanlar şurası” yaradıldı. Tərkibində Mövlud Əliyev, Ağalar İbrahimov, Kərəm Məmmədov, Murad Əliyev, Müzəffər Əliyev, Kişi Mütəllimov, İbrahim Salayev vardı. Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova nümayəndələrimizi qəbul etdi: “Xalqımın qəhrəman oğlanları”, – deyib, göz yaşını saxlaya bilmədi. Tələblərimizi bilirdi. Hamıya təşəkkürünü bildirdi.
Şəhərin komendantı general Dubinyak, SSRİ Ali Sovetinin deputatı, Hərbi Dəniz donanması üzrə SSRİ Müdafiə nazirinin müavini admiral Sidorov, SSRİ müdafiə naziri marşal Dmitri Yazov dənizçilərimizlə danışıqlar aparmaq üçün xəbər yolladı. Görüşlər baş tutdu. Hər üç ali rütbəli zabit gəmiləri batırmaq, güllə-baran etməklə təhdid etdilər. Buxtanı boşaltmağı tələb kimi qarşımıza qoydular. Razılığa gələ bilmədik. Çünki bizim tələbimiz 24 saat ərzində qoşunun Bakını tərk etməsi, tökülən qanlara görə Qorbaçovun məsuliyyəti öz boynuna götürməsi, millətdən üzr istəməsi idi.
Düz 3 gecə hərbi gəmilərin sivişərək buxtaya girib gəmilərimizi atəşə tutmağı davam etdi. Bütün hallarda sürətli gəmilərimiz hərbi gəmilərlə tarana çıxdı, onları batırmaq üçün həmlələr etdi. Hər gecə hava işıqlanana qədər gedən qeyri-bərabər döyüşdə mülkü gəmilər qalib oldu. Yanvarın 24-də Buxtada da fövqəladə vəziyyət elan olundu. Günorta saatlarında gəmilərimiz dənizdən hərbi gəmilərlə, sahildən tank və toplarla, havadan vertolyotlarla hücuma məruz qaldı. Gəmilərə desnat buraxıldı. Əsir götürülən dənizçilərimiz Şüvəlan türməsində, Karasnodar, Ulyanovsk, Orenburq şəhərlərində cəzaya məruz qaldılar… Lakin bir qəhrəmanlıq salnaməsi yazdılar.
Bu gün gənc dənizçilərin əksəriyyəti bu sahəyə məhz Xəzər Dəniz Neft Dononması idarəsinin dənizçilərinin misilsiz qəhrəmanlığı ilə tanış olduqdan sonra gəldiklərini deyirlər.
Faiq Balabəyli