DiasporGündəmKÖŞƏManşetSiyasətXəbər xətti

Diasporumuz Dağıstandakı hadisələrə nədən susur?!

Azərbaycan-Rusiya sərhədində soydaşlarımızla bağlı baş verən xoşagəlməz hadisə məlum həqiqəti yenidən gündəmə gətirdi: diasporumuz “ölü candan” başqa bir şey deyil.

Sərhəddə baş verən insidentin əsas səbəbi pandemiyanın bütün dünyada yaratdığı çətinlikdir. Azərbaycanlılar haqlı olaraq evlərinə qayıtmaq istəyirlər, Azərbaycan dövləti haqlı olaraq epidemiyanın yayılması təhlükəsinə qarşı bu prosesi karantin rejimin qaydaları çərçivəsində həyata keçirir. Misal üçün, xaricdə olan vətəndaşlarımızın Vətənə qaydalara uyğun formada gətirilməsi məqsədilə “Evə gedirəm” portalı fəaliyyət göstərir. 

Ümumi çətinlik hər kəsin emosiyalarının tarıma çəkilməsinə səbəb olub və bu çətin vəziyyətdə soydaşlarımızla qeyri-etik, xoşagəlməz davranış təbii etiraza səbəb olur. Təbii ki, bir ölkənin soydaşı başqa ölkənin ərazisində xoşagəlməz halla qarşılaşarkən ilk növbədə dövlət məsələyə müdaxilə etməlidir. Azərbaycan dövləti bunu edir, əslində Prezident İlham Əliyevin məsələyə müdaxiləsi problemin tezliklə həllini tapacağına əminlik yaratdı.

Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, bu gün Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Dövlət başçıları Rusiya-Azərbaycan sərhəddində yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Prezidentlər müvafiq dövlət strukturlarına sərhəddə vəziyyətin tənzimlənməsi ilə əlaqədar əlavə tapşırıqların verilməsi barədə razılaşıblar.

 

Bu o deməkdir ki, Dağıstanda qalmış soydaşlarımız digər soydaşlarımız kimi tezliklə və rahat şəkildə evə qayıda biləcəklər.

Bəs, Azərbaycanın Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları haradadır?

Bu, ritorik sual deyil, diaspor fəaliyyətimizdə gerçək vəziyyət həqiqətən acınacaqlıdır. Axı diasporla çalışan müvafiq qurumlar və xaricdəki diaspor təşkilatlarımızın əsas missiyası məhz soydaşlarımızla bağlı yaranmış problemlərin həllinə kömək etmək, xoşagəlməz hadisələrə dərhal reaksiya vermək, mövqe nümayiş etdirməkdir.

Təəssüf ki, belə həssas dövrdə diaspor işini həyata keçirən şəxslər kabinetlərindən çıxmırlar, diaspor təşkilatlarımız da dövlətin ayırdığı maliyyəni sağa-sola xərcləməklə məşğuldur və onların səsi yalnız maliyyə almaq istəyəndə gəlir.

 

Dünya təcrübəsində diaspor fəaliyyəti tamam fərqlidir. Planetin hər yerində diaspor özü təşkilatlanır və təmsil etdiyi dövlətə dəstək olur. Müqayisə nə qədər xoşagəlməz olsa da, erməni diasporu gözümüzün önündəki əsas nümunədir. Erməni diasporu da hər il işğalçı Ermənistan büdcəsinə milyonlarla maliyyə yardımı göstərir, hər hansı xarici ölkələrdə erməni soydaşları bu cür oxşar hallarla üzləşdikdə təcili birləşərək operativ müdaxilə edə bilir, lazım olanda maliyyə vəsaitləri belə toplayıb vətəndaşlarını düşmüş olduğu çətinliklərdən xilas etməyi bacarırlar. Bütün bu işləri onlar Ermənistan dövlətindən bir dram belə almadan edirlər. Əksinə, bu gün “Ermənistan” adlı dövlət məhz diasporun maliyyə yardımı ilə ayaqda qala bilir. Amma acı da olsa etiraf edilməlidir ki, bu gün Azərbaycan təşkilatları diaspor işində Ermənistandan geri qalır.

Azərbaycan-Rusiya sərhədində baş verən xoşagəlməz hadisə ilk deyil, bundan öncə Ukraynada, Rusiyada, eləcə də digər ölkələrdə baş verib. Lakin dövlət və xalq üçün ən kritik məqamlarda diasporumuz qaçıb gizlənir, dövlətdən maliyyə almaq məsələsi gündəmə gələndə az qala əlbəyaxa davaya qədər çıxırlar.

 

Bəs Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Füzuli Məmmədov haradadır? 

Dağıstanda baş verən hadisəyə niyə səsini çıxarmır? Ona görə ki, məsələ maliyyə almaq deyil?!

 

Gerçək budur, Azərbaycan diasporu “ölü can”dan başqa bir şey deyil və soydaşlarımızın müdafiəsini təşkil etməyi hələ ki, bacara bilmir. Dağıstanda yaşananlar qarşısında susmaları bunu bir daha nümayiş etdirdi.

Nə Rusiyada, nə Ukraynada, nə də MDB-nin digər ölkələrindəki diaspor təşkilatları bu hadisəyə münasibət bildirmədi. Halbuki, onlar mütəmadi olaraq özlərini AzTV-də reklam edir, Azərbaycan dövlətindən diplomatik status tələb edirlər.

Bu kimi məsələlər aktuallaşanda da özlərini müdafiə etmək üçün ağıllı-ağıllı danışırlar ki, “bu, dövlətlərarası məsələdir, biz qarışa bilmərik”.

 

Diaspor adına fəaliyyət göstərən belə şəxslər öz missiyalarının mahiyyətini belə anlamırlar. Çünki başqa bir ölkənin ərazisində soydaşlarımıza qarşı hər hansı hərəkətlər edilirsə, buna ilk növbədə həmin ölkələrdə fəaliyyət göstərən diaspora səsini çıxarmalıdır. Azərbaycan dövləti və səfirliklər prosesə qarışanda bu həmin dövlətin daxili işinə qarışmaq kimi qəbul edilir və diplomatik problemlərə yol açır.

Sual yaranır, əgər hər şeyi dövlət və onun diplomatik nümayəndəlikləri edəcəksə, o zaman, diaspor təşkilatlarına niyə maliyyə ayrılır?

Maliyyə yardımı ayrılırsa, dövlət diaspor fəaliyyətinə hərtərəfli dəstək verirsə, niyə diaspor təşkilatlarımız illərdir heç bir uğurlu iş görə bilmirlər? 

Onlara erməni diasporunun uğurlarını yenidən xatırlatmağa ehtiyac varmı? 

Fikrimizcə, özləri hər şeyi yaxşı bilir, amma yenə bilməməzliyə vururlar.

Cənablar, diaspor fəaliyyəti dövlətdən maliyyə almaq məsələsi ortaya gələndə qollarını çırmayıb “mənəm-mənəm” demək deyil, Azrbaycanı təbliğ etmək, soydaşlarımızı birləşdirmək və onları müdafiə etmək, dövlət əhəmiyyətli məsələlərə vaxtında münasibət bildirməkdir. Etiraf olunmalıdır ki, diaspor təşkilatlarımız bunların birini belə normal şəkildə edə bilmirlər, əksinə kabinetdən çıxmırlar, öz alverləri ilə məşğuldurlar.

Bu gün diaspor işi dövlət büdcəsinə əlavə yük kimi görünür və bu yükü ya atmalı, ya da yükü üzərinə götürənlər dəyişdirilməlidir, əks təqdirdə, Dağıstandakı insidentdə olduğu kimi dövlət hər işini özü etməli olacaq. Diaspor isə ya özü üçün kabinet bəzəyəcək, ya da alverini edəcək…

Vasif Həsənli
Demokrat.az” xəbər portalının baş redaktoru