Deputatlardan sərhəddəki hadisələrə sərt REAKSİYA – “Elmar Məmmədyarov, izahat verin”

Xalqımın bu şəkildə alçaldılması məni yerdən-yerə vurdu, nəfəsimi kəsdi, inamımı yerlə-yeksan etdi. Rusiya OMON-nun bizim vətəndaşları bu şəkildə alçaltması söz deməyə yer qoymur. Sözü Xarici işlər naziri Elmar Məmmədyarov deməlidir və bu açıqlamanı gözləyirik. Çıxın TV-lərə və izahat verin”.Yeniavaz.com xəbər verir ki, bu sözləri Dağıstan polisi ilə sərhəddəki həmvətənlərimiz arasında baş vermiş qarşıdurma haqqında Milli Məclisin deputatı Razi Nurullayev “Facebook”da yazıb. O Elmar Məmmədyarovdan hadisənin səbəbini açıqlamasını istəyib:

“Sizi günahlandırmaq istəmirik, amma deyin ki, buna səbəb nə olub və sizin etirazınızın mətni və atdığınız addımların faktları haradadır?

Biz uca millətik, müstəqil Azərbaycanın vətəndaşlarıyıq və ölkəmizin vətəndaşlarına qarşı bu şəkildə davranış ölkəmizi təhqir etməkdir. Bu məsələyə münasibət bildirmək və pisləmək üçün icazə gözləmək lazım deyil, cənab nazir! Bunu sizin yerinizə heç kim etməli deyil!”.

Millət vəkili Erkin Qədirli isə Azərbaycan vətəndaşlarının sərhəddə gözlədilməsinin konstitusiyaya zidd olduğunu bildirib:

“Rusiya ilə sərhəddən (Dağıstan tərəfdə) vətəndaşlarımızın ölkələrinə keçə bilməməsinin səbəbi hər nədirsə (texniki, epidemioloji və s.), bu, Konstitusiyamızın 28-ci maddəsinin 4-cü hissəsinə uyğun deyil. Həmin maddəyə görə, vətəndaşlarımızın ölkələrinə hər zaman (!) maneəsiz (!) qayıtmaq hüququ vardır.

Konstitusiyada ölkədən getmək hüququ haqqında belə bir şey yazılmayıb, çünki ölkədən getməyi qanuni əsaslarla məhdudlaşdırmaq olar. Ölkəyə qayıtmaq hüququ isə maneəsiz gerçəkləşməlidir. Hökumət tez bir zamanda vətəndaşlarımızın sərhəddən keçidini təmin etməli, yoluxma təhlükəsi varsa, öz ərazimizdə (sərhədin yaxınlığında) onlar üçün karantin şəraitini təşkil etməlidir”.

Paylaş: