Etimad mühiti danışıqlara təsir edir – DEPUTAT
Yanvarın 18-də ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşməsi qurumun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar prosesinin intensivliyini qoruyub saxlamasından xəbər verir.Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Millət vəkili bildirib ki, həmsədrlərin bəyanatı görüşdə həssas məqamlara toxunulduğunu göstərdi: “Həmsədrlər məmnunluqla ifadə edirlər ki, təmas xəttində vəziyyət sabitdir. Bəyanatda həmçinin, həmsədrlər problemin həllində etimad mühitünün formalaşdırılmasını gündəmə gətirib və hesab ediblər ki, danışıqlar prosesinə birbaşa təsir edən cəhət məhz etimad mühitinin yaranması ilə bağlıdır. Eyni zamanda, bu istiqamətdə yenidən tələblər öz əksini tapıb”.
E.Nəsirov bildirib ki, bəyanatda ən çox diqqət cəlb edən məqamlardan biri ATƏT sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi məsələsidir: “Məqsəd odur ki, ATƏT-in şəxsi nümayəndəsinin ofisinin işçilərinin sayı artırılsın, atəşkəsin qorunub saxlanılması məsələsində monitorinq aparmaq imkanı daha da artsın. Bu addım prosesdə status-kvonun qorunub saxlanılmasına xidmət edir”.
Millət vəkili eyni zamanda əlavə edib ki, bəyanatda münaqişənin təsirinə məruz qalmış ərazilərə qiymətləndirmə missiyasının göndərilməsi ilə bağlı məsələlər gündəmə gəlib: “Sual yaranır – münaqişənin təsirinə məruz qalmış ərazi nə deməkdir? Bununla onlar nəyi ifadə etmək istəyirlər? Niyə bəyanatda yazılmır ki, Azərbaycanın işğala məruz qalan ərazilərində? Yenə də işğal sözünü işlətmirlər. Hesab edirəm ki, bu, yanlış yanaşmadır. Təsir başqadır, işğal başqa”.
Qeyd edək ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi çərçivəsində Polşanın Krakov şəhərində görüşü olub. XİN rəhbərləri, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüşüblər.