Belçikada Natəvanın abidəsinin açılış olub – FOTOLAR
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin və Belçikanın Vaterlo şəhərinin Meriyasının birgə fəaliyyəti nəticəsində tam bərpa edilmiş Azərbaycanın görkəmli şairəsi, Qarabağ şəhzadəsi Xurşidbanu Natəvanın abidəsinin 15 iyun 2020-ci il tarixidə Azərbaycan Respublikasının Milli Qurtuluş günündə yenidən açılışı təşkil olunub.Bu barədə səfirlikdən Aktor.Az-a verilən məlumatda deyilir.
Açılış mərasimində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı və NATO yanında nümayəndəliklərin rəhbərləri və diplomatik heyət üzvləri, Vaterlo şəhərinin Merinin müavini, Vallon Brabantın tarixi səlnaməçisi Yves Vander Cruysen və Vaterloo meriyasının nümayəndəsi Sandrine Faelen iştirak ediblər.
Tədbirdə çıxış edən Səfir Fuad İsgəndərov 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmış Azərbaycanın bu tarixi-mədəni abidəsinin “vandalizmdən qurtulması”nın məhz Azərbaycan Respublikasının Milli Qurtuluş günündə qeyd olunmasını əlamətdar hadisə kimi qiymətləndirib və bu tədbirin Azərbaycanın tarixi Dağlıq Qarabağ torpaqlarının işğaldan azad olunması üçün bütün səylərini səfərbər etmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf olunduğunu bildirib.
Səfir öz çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, birinci xanım Mehriban Əliyevanın 2017-ci ilin fevral ayında Belçikaya işgüzar səfəri çərçivəsində Xurşidbanu Natəvanın abidəsini ziyarət etmələrini xatırlayaraq, zəngin multikultural dəyərlərə malik Azərbaycan mədəniyyətinin və Azərbaycan qadının yüksəliş tarixini təcəssüm etdirən, eyni zamanda Azərbayca-Belçika dostluğunu simvolizə edən bu abidənin qorunması və hər zaman diqqət mərkəzində saxlanılması üçün bütün zəruri tədbirlərin davam etdiriləcəyini bildirib.
Qeyd olunmalıdır ki, Azərbaycanın xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında gənc heykəltaraş İmran Mehdiyev tərəfindən hazırlanmış və 2020-ci ilin mart ayında vandalizmə məruz qalmış X.Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir.
Vaterloo şəhərinin mərkəzi kitabxanasının önündə baş tutmuş açılış mərasimi KİV nümayəndələri tərəfindən işqılandırılıb.