“Prokurorluq, DTX birinci növbədə “Azərsu”ya getməlidir” — Aslan İsmayılov
Bu dəqiqələrdə Bakının Binəqədi rayonunda insanların su problemi ilə bağlı videonu izlədim. Dəhşətə gəlməmək mümkün deyil. Havaların belə isti vaxtında insanları susuz saxlamaq öldürməyə bərabərdir. Bu gün hamını ictimai asayişi qorumağa, heç bir etiraz aksiyası keçirməməyə çağırıram. Ancaq tam səmimi deyirəm, həmin şəraitə özüm də dözməzdim. Necə yəni, balalarım günlərlə suya möhtac qalsınlar, vedrə-vedrə su daşıyım balalarımı çimizdirmək üçün?! Axı bura Afrika deyil və həyətdə də orta əsrlər deyil!
Buradan dövlət rəsmilərinə müraciət edirəm. Prokurorluq, DTX birinci növbədə “Azərsu”ya getməli və araşdırmalıdır ki, illərdir vətəndaşların su təczihatının yaxşılaşdırılması üçün ayrılmış 10 milyardlar haradadır?! Bu təşkilatın bütün rəhbərliyi həbs edilməlidir ki, mən də ölkədə korrupsiya ilə mübarizə getdiyini deyə bilim. Belə bir vəziyyətdə hansısa islahatdan danışmaq yersizdir.Yoxsa, başqalarını demirəm, şəxsən mən heç nəyə inanan deyiləm. İnsanları bu zülmü çəkməyə düçar edənlər layiqli cəzalarını almalıdırlar. Bunun adı nə oğurluq, nə də korrupsiyadır. Bunun adı vətəndaşlara düşmənçilikdir!
Büdcəni sahibkarları boğmaqla deyil, belələrinin hesabına doldurmaq lazımdır.
Tanınmış hüquqşünas Aslan İsmayılov