“Dənizçilərin yanında olacağıq” – QHT sədri
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri şair Faiq Balabəyli Moderator.az saytına müsahibəsində birliyin qeydiyyatdan keçməsindən və məramnaməsinə aydınlıq gətirib.
– Təsis etdiyiniz “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi qeydiyyatdan keçib. Təbrik edirəm. Dənizçi hüququ nə deməkdir, bu ifadə nəyi ehtiva edir? Ümumiyyətlə dənizçilərə sosial dəstək necə olmalıdır?
– Təbrikə görə təşəkkür edirəm. Yeri gəlmişkən, qeydiyyatdan keçəndən sonra bizi tanıyanlardan, məram və məqsədimizi bilənlərdən xeyli təbrik və xeyir-dua almışıq. Bu bizi ruhlandırır. Bilirsən, dənizçi hüququ deyilən ayrıca bir sahə yoxdur. İnsanlarımızın hüquqları pozulur və bununla istənilən peşə sahibləri üzləşə bilərlər. Lap elə hüquqlarımızı müdafiə edən təşkilatların da əməkdaşları hüquqlarının qorunmasından əziyyət çəkə bilərlər. O ki qaldı dənizçilərə sosial dəstəyə, onların hüquqları ilə məşğul olmağa, bu indiki durumda çox vacibdir. Təsis etdiyimiz İctimai Birliyin yaranması ideyası belə çatışmazlıqların mövcud olmasından və onların həllinə kömək etmək istəyindən qaynaqlanır. Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin gəmilərinin və dənizçilərinin istər ölkə sularında, istərsə də beynəlxalq sularda hər hansı haqsızlıqla üzləşdiyi hallar olur, dediyim kimi, bu, əvvəllər də belə olub. Ortaya çoxlu irad, şikayət və təkliflər çıxır. Soruşuram niyə rəhbərliyə müraciət etmirsiz? Bəziləri ehtiyat edir ki, adı “qara dəftərə” düşər, bəziləri də bunun xeyrinin olmayacağı qənaətindədir… Bu haqda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə görüşümüz zamanı söhbətimiz olub. Gəmiçiliyə rəhbərlik edəndən bəri bir çox yeniliklərə imza atan Rauf Vəliyev əslində qeydiyyatdan keçirdiyimiz bu birliyə xoş münasibət bildirdi. Baxmayaraq ki, qaldıracağımız, ictimailəşdirəcəyimiz, həllinə nail olmağa çalışacağımız qüsurlarla bağlı əsasən ona müraciətlər olunacaq. Bilirsən, elə problemlər var ki, yuxarı instansiyalara qalxmadan, dövlət məmurlarını daha həlli vacib olan məsələlərdən ayırmadan həllini tapa bilər. Ya buna mane olanlar var, ya da işinin öhdəsindən gələ bilməyənlər. Ya da işinin öhdəsindən gəlsə də insan amilini ikinci, bəzən üçüncü dərəcəli hesab edənlər”.