Azərbaycan könüllüləri üçün intellektual müsabiqəyə start verilib
Koronavirus (COVID-19) pandemiyası dövründə atdıqları hər bir addımda fiziki və mənəvi olaraq dövlətin və vətəndaşlarımızın yanında olmağa çalışan Azərbaycan könüllülərinin intellektual səviyyəsinin yüksəldilməsi, sağlam düşüncə və rasional təhlil bacarıqlarının daha da inkişaf etdirilməsi, eyni zamanda asudə vaxtlarının daha səmərəli təşkili üçün Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi “Evrika” intellektual oyununa start verib.Bu barədə Gənclər Fondundan Aktor.Az-a daxil olan məlumatda deyilir.
Bu gündən etibarən başlayan müsabiqə “GencApp” mobil tətbiqi üzərindən həyata keçiriləcək və 10 gün müddətində davam edəcəkdir. Könüllülər hər gün müxtəlif saatlarda mobil tətbiq üzərindən bildiriş vasitəsilə göndəriləcək suala qısa zaman ərzində cavab verməyə çalışmaqla həm əylənəcək, həm də öyrənəcəklər. Müsabiqənin sonunda isə suallara düzgün və ən tez cavab verən 10 gənc qalib müəyyən ediləcək və onlar dəyərli hədiyyələrlə mükafatlandırılacaqdır. Onu da qeyd etmək lazımdır ki, gənclərin potensiallarının artırılması və cəmiyyətə yararlı vətəndaş kimi yetişmələrinə istiqamətlənmiş bu kimi layihələr Azərbaycan gəncliyinin inkişafına hər zaman öz töhfəsini verir.
Xatırladaq ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.
Öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bugünədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor”, “Bir-birimizi qoruyaq!” aksiyalarında minlərlə könüllü iştirak edib.