AzTU-da kafedra müdiri vəzifəsindən azad olundu
Azərbaycan Texniki Universitetinin (AzTU) “Xarici dillər” kafedrasının müdiri Yusif Süleymanov öz vəzifə səlahiyyətlərinə səhlənkar yanaşaraq pandemiya dövründə tələbələrə imtahanla bağlı yanlış məlumat vediyinə görə vəzifəsindən azad olunub.Bu barədə Aktor.Az-a Universitetdən verilən məlumatda deyilir.
Həmçinin öz vəzifə öhdəliklərini aşaraq tələbələrə imtahanların keçirilməsi ilə bağlı yalan məlumat verdiyinə və tələbələr arasında çaşqınlıq yaratdığına görə kafedranın professor-müəllim heyətinə xəbərdarlıq edilib. “Xarici dillər” kafedrasının müdiri vəzifəsi müvəqqəti olaraq rektorun beynəlxalq əlaqələr üzrə müşaviri Nigar Sultanovaya həvalə edilib.
Eyni zamanda “Xarici dillər” kafedrasında tədrisin təşkili vəziyyətini öyrənmək və günün tələblərinə uyğun səviyyədə qurmaq məqsədilə, kafedrada ciddi metodoloji və təşkilati dəyişikliklərə ehtiyac yarandığı nəzərə alınaraq, professor-müəllim heyətinin attestasiyasının keçirilməsi qərara alınıb. Professor-müəllim heyətinin attestasiyaya hazırlığına yardım məqsədilə kənardan müvafiq dillər üzrə uyğun sertifikata malik mütəxəssislər cəlb edilməklə treninqlərin keçirilməsinə göstəriş verilib.