Könüllülər vətəndaşlara çağırış etdi – FOTOLAR
Azərbaycan könüllüləri tərəfindən insanların daha çox toplaşdıqları məkanların giriş və çıxışlarında könüllülərin “Maskadan istifadə et” və “Sosial məsafə gözlə” devizləri altında sosial maarifləndirmə aksiyaları keçirilib.
Bildiyimiz kimi, respublikamızda koronavirusla mübarizə tədbirlərinin nisbətən yumşaldılması çərçivəsində vətəndaşlar zərurət olmadan kütləvi şəkildə iri ticarət mərkəzlərinə, istirahət üçün kafe və restoranlara, parklara və mərkəzi küçələrə üz tuturlar. Könüllülər tərəfindən başladılan aksiyanın məqsədi vətəndaşları sosial məsuliyyət nümayiş etdirməyə dəvət etmək üçün maarifləndirmə işlərinin daha da genişləndirilməsi, bu istiqamətdə görülən işlərə könüllü dəstəyi göstərərək yoluxma sayının minimuma endirilməsindən ibarətdir.
Belə ki, könüllülər yuxarıda adları qeyd olunan yerlərdə, xüsusilə də qapalı məkanlarda insanlar arasında şifahi şəkildə maarifləndirmə apararaq və bukletlər paylayaraq sosial məsafənin qorunması, maskadan istifadənin önəmi barədə məlumat veriblər. Onlar vətəndaşları sadə preventiv qaydalara əməl etməklə özlərinin və sevdiklərinin sağlamlığını qorumağa çağırıblar. Eyni zamanda, könüllülər ictimai məkanların önündə düzgün sosial məsafəli növbələrin formalaşmaşını təmin etmək məqsədi ilə yerdə təhlükəsiz məsafəni göstərən dairələr çəkiblər.
Ötən ayın ortalarında başladılmış “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində respublikada minlərlə könüllü müxtəlif istiqamətlər üzrə səfərbər olaraq vətəndaşlarımızın sağlamlığı naminə fəaliyyət göstərir.
Yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.
Öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bugünədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.