GündəmKÖŞƏManşetSiyasətXəbər xətti

Azərbaycanın ərazi bütövlüyünü pozan hüquqazidd addımlarının qarşısı ədalət naminə alınmalıdır – Yusif Ağayev

Azərbaycanda fəaliyyət göstərən ictimai birlik olaraq bildiririk ki, Ermənistan silahlı qüvvələrinin planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağ eləcə də ona bitişik olan 7 rayon işğal olunmuş, bir milyona yaxın azərbaycanlı öz daimi yaşayış yerlərindən məcburi köçkün düşmüşdür. 1992-ci il fevralın 26-da XX əsrin ən faciəli hadisələrindən biri törədildi–Azərbaycanın Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə darmadağın edildi. 

Qəti şəkildə bildirmək istəyirik ki, Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasəti otuz ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dünya birliyi Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar işqalçılıq siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməli, eləcə də Ermənistan dövlət rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısını almalıdırlar.

Dünyanın idarə edilməsində və bölüşdürülməsində aktiv olan beynəlxalq aktorlar bilməlidir ki, Azərbaycan Respublikası BMT-yə daxil olanda da, özünün tam ərazi bütövlüyü çərçivəsində üzv olub. Bu baxımdan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev hər bir çıxışında bildirir ki, Ermənistan qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalı, bu torpaqlardan qovulmuş qaçqınlar və məcburi köçkünlər öz tarixi yurdlarına qaytarılmalıdır. İşğal edilən təkcə Dağlıq Qarabağ deyil. Ona bitişik yeddi rayon da işğal olunub.

Eyni zanamda bütün benəlxalq ictimaiyyətin qarşısında Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı rəsmi Ermənistanın siyasətini və onun indiki baş nazirinin böhtan dolu çıxışını tarixi və elmi faktlarla ifşa edərək, Ermənistan rəhbərliyinə beynəlxalq hüquqdan və tarixdən dərs verdi.

Biz, Azərbaycanda fəaliyyət göstərən ictimai birlik olaraq ədalətə və insanlığa tərəfdar olanları Ermənistanın siyasətinə etiraz səsimizə səs verməyə çağırırıq!

Biz dünyanı ədalət və insanlıq naminə, erməni silahlı qüvvələrinin törətdiyi bəşəri cəmiyyətlərin dünya ictimaiyyəti tərəfindən tanınması üçün səsləyirik!

 

Yusif Ağayev

“Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi

İctimai Birliyinin məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent