Sosial şəbəkə davranışı və məsuliyyəti – Elşad MƏMMƏDLİ yazır
Azərbaycanda sosial şəbəkələrin ilk istifadəçilərindənəm. Facebook ölkəmizdə populyarlaşanda orada qeydiyyatdan keçəndən sonra bir xeyli adam “əşi, ora bekar adamların yeridir, ciddi bir şey deyil”, söyləyirdi. Bəli, ilk vaxtlar sosial şəbəkələr belə idi, ora insanlar daha çox əyləncə məqsədi ilə qoşulurdular. Media nümayəndələri, xəbər siyasətinin içərisində olan adamlar isə bura əsasən informasiya məkanı kimi yanaşırdılar, perspektivlərini görürdülər…
Daha sonra Twitter, son olaraq da “Teleqram” şəbəkələri populyarlaşdı. Ən ciddi, tirajlı xəbərlərin belə daha geniş auditoriyaya çatması üçün saytlar sosial şəbəkələrdəki səhifələrindən yararlanırlar. İndi dünya liderləri də bəyanatlarını, açıqlamalarını sosial şəbəkələr üzərindən yayır, hətta bəzi fəaliyyətlərini buradan koordinasiya edirlər.
Koronavirus pandemiyası dövründə isə sosial şəbəkələrin, virtual ünsiyyət vasitələrinin nə qədər önəmli olduğu üzə çıxdı. Faktiki olaraq müasir dünyanı sosial şəbəkələrsiz, bu resurslarsız təsəvvür etmək mümkün deyil.
Ancaq hər bir yeniliyin mənfi cəhətləri də təbii olaraq ortaya çıxır. Sosial şəbəkələrdən heç də hamı – şəxslər, qruplar təyinatı üzrə və mədənicə istifadə etmirlər. Hər kəs öz mənəvi durumuna, missiyasına uyğun ifadə edir özünü burada. Bu məsələdə davranışlar və narahatlıq təkcə Azərbaycanda deyil, bütün dünyada aşağı-yuxarı, eynidir.
Sosial şəbəkələr son illərdə toplumların davranışlarında təhqir, böhtan, söyüş kampaniyaları üçün “əlverişli məkan” kimi də istifadə olunur. Digər tərəfdən, böyük səhifələr vasitəsilə siyasi-ictimai baxımdan çaşdırıcı, yalan, təxribat xarakterli şayiələr dövriyyəyə buraxılır və “bomba effekti” verir. Çünki indi hər kəsin bir smartfonu və sosial şəbəkə profili var. Dövlət və onun rəhbərliyi haqqında dezinformasiyalar, təhqir kampaniyaları barədə də hamımız məlumatlıyıq. Hətta sosial şəbəkələrdə müxtəlif şəxslər terrora çağırış belə edirlər. Biz bunu neçə illərdir görürük, müşahidə edirik. Özümüz də sosial şəbəkələrdə birbaşa “mənəvi terror”a məruz qalanlardanıq…
Ölkəmizdə yüzlərlə sosial şəbəkə istifadəçisi – onların əksəri “radikal müxalifət” adlanan kəsimi ifadə edirlər və xeylisi də Milli Şura, Əli Kərimli tərəfdarları olan adamlardır – söyüş, təhqir kampaniyası aparmağı sanki peşəyə çeviriblər və ya bu onların siyasətinin əsas istiqamətlərindən biridir.
Ən narahatedici məqam isə sosial şəbəkələr üzərindən xaricdən yönələn təhdidlər, təxribatlar, dezinformasiya seli və onların buradakı istifadəçilər tərəfindən təkrar dövriyyəyə buraxılması və geniş yayılmasıdır.
Virtual məkan insan cəmiyyətlərinə artıq birbaşa təsir edir və bu proses getdikcə dərinləşəcək. Dünya bunun fərqindədir. Elə bir hədd yetişib ki, hətta Amerika Birləşmiş Ştatlarında sosial şəbəkələr üzərində nəzarət mexanizminin, məsuliyyət müəyyənləşməsinin vacibliyi gündəmə gəlib. ABŞ Prezidenti Donald Tramp artıq sosial şəbəkələrin fəaliyyətini tənzimləmən, davranış qaydalarını müəyyən edən və məsuliyyətdən müdafiə hüququnu ləğv edən fərman da imzalayıb.
Təbii, dünyanın bundan sonra fikir və ifadə azadlığını məhdudlaşdırmağa cəhd etməsi də gülünc olardı. Lakin məsələ tamamilə fərqlidir: bir çox insanlar, qruplar sosial şəbəkələri az qala “yad planet” hesab edərək, cəmiyyətlərin, şəxslərin qanunla qorunan mənafelərinə qəsd edirlər. Özünüifadə azadlığı şəxsləri təhqir, dövlətləri, cəmiyyətləri təhdid etmək kimi qavranıla bilməz. Görünən budur ki, hazırda dünyanın idarə edilməsində mühüm rol alan sosial şəbəkələr proseslərə birbaşa təsir edir və artıq bura əyləncə məkanı funksiyası daşımır. Belə deyək ki, “beşinci hakimiyyət” rolunu oynamağa başlayıb. Belə olduğu təqdirdə məsuliyyət məsələsi tezliklə öz həllini tapmalıdır. Əgər sosial şəbəkələr müasir dünyanın idarəedici alətlərindən birinə çevrilibsə, deməli, burada hüquq mexanizmləri də tətbiq edilməli, işə salınmalıdır. Hüquqsuz, məsuliyyəti olmayan bir məkanla dünya qısa bir zamanda tamamilə xaosa gedə bilər.
Biz hələlik bunların kiçik nümunələrini görməkdəyik, bir qədər sonda daha dəhşətli halları izləyə bilərik. Siyasi və böyük prosesi əhatə edən məsələlər bir kənara, kriminalların xronologiyasına nəzər saldıqda, il ərzində xeyli sayda cinayətin təməlinin məhz sosial şəbəkələrdə qoyulmasının şahidi oluruq. Bu, insanların düşüncəsində sosial şəbəkələrin məsuliyyətsiz bir məkan olması səbəbindən qaynaqlanır. İnsanlar başa düşməli, dərk etməlidir ki, internet resursları və oradakı davranışlar Yer üzünə aiddir və buradakı istifadəçilər, dəyərlər Marsa aid deyil. Özümüzü cəmiyyətdə necə aparırıqsa, qanunlara necə tabeyiksə, sosial şəbəkələrdə də o cür hüquqi məsuliyyət olmalıdır, formalaşmalıdır.
Əgər bütün dünya bu prosesə qoşulsa və beynəlxalq normalarla paralel dövlətlər ayrı-ayrılıqda yerli məsuliyyət qaydaları tətbiq etsələr, həm sosial şəbəkələrin siyasi-ictimai, iqtisadi baxımdan ciddi faydalarını görərik, eyni zamanda sosiallaşma sağlam istiqamətdə inkişaf edər.