GündəmManşetMediaSiyasətXəbər xətti

Milli Məclisin öz televiziyası olmalıdır – Qüdrət Həsənquliyev

“Milli Məclisin iclasları yaxşı olardı ki, televiziyalarda yayımlansın və seçicilər canlı şəkildə burada səsləndirilən fikirlərlə tanış ola bilsinlər”.

Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında deyib. Millət vəkili “mən əminəm ki, bu belə davam edəcəksə, insanlar onların problemlərinin danışıldığı başqa auditoriya axtarmayacaqlar və biləcəklər ki, kimlər onların problemlərindən danışır”, – deyə fikrini davam etdirib: “Görəcəklər ki, onların problemlərindən özlərinin seçdikləri millət vəkilləri danışır və həmin problemlər onların seçdiyi millət vəkillərini də narahat edir. Məsələn, bugünkü iclası götürək. Burada kifayət qədər problemlərdən söhbət açıldı. Görülmüş işlər barədə minnətdarlıq hissi ilə nələrsə qeyd olundu. Bu baxımdan, Milli Məclisin iclasları televiziya ilə yayımlanmalıdır ki, seçicilər də burada hansı məsələlərin müzakirə olunduğunu bilsinlər, seçdikləri insanların fəaliyyətini yaxından izləsinlər. Ötən plenar iclasda deyirdik ki, koronavirusla bağlı televiziyalarda yaxşı təbliğat aparılmır və haqlı olaraq qeyd edildi ki, yox, aparılır. Amma çox təəssüf ki, o televiziyalara çox az sayda insanlar baxır. İnsanlar televiziyaları açanda orada nəyi görürlər? Görürlər ki, bir tok-şou, yaxud siyasi əhəmiyyətli müzakirə gedir və öncədən bilirlər ki, burada yalnız hökumətin təriflənməsindən danışıla bilər, hər hansı tənqidi fikirlər gedə bilməz. Onlar onsuz da görülən işləri bilirlər, ona görə də belə verilişləri izləmək çox da maraqlı olmur. Bu səbəbdən ya şou proqramlara baxırlar, ya da kanalı dərhal dəyişirlər. Buna görə də mən hesab edirəm ki, Milli Məclisin dünyanın hər yerində olduğu kimi öz televiziyası olmalıdır. Qapalı iclaslar istisna olmaqla, bütün toplantılar canlı yayımlanmalı və təkrar nümayiş olunmalıdır. Qonşu Türkiyə və başqa ölkələrdə olduğu kimi…”

“Bu, süründürməçilikdir…”

BAXCP sədri öz çıxışında başqa bir məsələyə də diqqəti cəlb etmək istədiyini bildirib: “Bu onunla bağlıdır ki, “Dövlət qulluğu haqqında” qanuna görə, dövlət qulluqçuları işə qəbul olunanda Dövlət İmtahan Mərkəzində müsabiqə mərhələsini keçirlər, yəni imtahan verirlər. Sonra isə müsahibə mərhələsi olur. Bu başadüşüləndir, normal qarşılanır. Amma sonradan ayrı-ayrı nazirliklərdə, mərkəzi icra orqanlarında vakansiyalar yarandıqda da eyni qayda təkrar olunur. Buna heç bir ehtiyac yoxdur.
Bizdə çoxlu sayda nazirlik, komitə və xidmətlər var. Bu qurumlarda kimlərsə təqaüdə gedə, kimsə işdən çıxarıla, kimsə iş yerini dəyişə bilər. Əvvala, Dövlət İmtahan Mərkəzinin hər dəfə sayda işçisi yoxdur ki, hər dəfə vakant yerlərə işə qəbul olunan şəxslərlə müsahibədə iştirak edə bilsin. Digər tərəfdən, hər dəfə bu və ya digər qurumda vakanasiya yarananda Dövlət İmtahan Mərkəzinin, icra orqanın nümayəndələri və müstəqil ekspertin iştirakı ilə eyni proses hər dəfə eyni qaydada yenidən təkrarlanır. Hesab edirəm ki, bu, süründürməçilikdir…”