Azərbaycanda pandemiyanın “ikinci dalğası” realdır – Rəşad Mahmudov
Azərbaycanda son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir.Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Millət vəkili bildirib ki, Azərbaycanda koronavirusun ikinci dalğası da ola bilər və düşünürəm ki, biz buna hazır olmalıyıq:
“Qeyd etdiyim kimi, hökumətimiz, dövlət qurumlarımız və həkimlərimizin son dərəcə gərgin əməyi nəticəsində virusa yoluxma halları və onun miqyası maksimal dərəcədə azalıb. Bununla belə, vətəndaşlarımıza bir daha tövsiyəm budur ki, arxayınlaşmasınlar, sanitar-gigiyenik qaydalara ciddi riayət etsinlər, karantin rejimi çərçivəsində hərəkət etsinlər və yayılan şaiyələrə də uymasınlar. Bu ağır günlərdə bizim müstəqil dövlətimiz öz vətəndaşının yanındadır. Vətəndaşımız da öz dövlətinin yanında olmalıdır”.
Deputat bildirib ki, karantin rejiminin yavaş-yavaş yumşaldılması, məhdudiyyətlərin xeyli qisminin aradan qaldırılması, hələ həyatımızın tam normal axara düşməsi demək deyil. Dünyada sanitar-epidemioloji vəziyyət və bu sahədə beynəlxalq ekspertlərin rəyini nəzərə alsaq, biz arxayın olmamalıyıq:
“Təəssüf ki, dövlətimiz və hökumətimizin bütün qabaqlayıcı tədbirlərinə baxmayaraq, ölkəmizdə hələ də bu təhlükəli virusa yoluxanlar var. Doğrudur, qəhrəman həkimlərimizin səyi nəticəsində bizdə başqa ölkələrə nisbətən ölüm hallarının faizi çox aşağı, sağalanlar və evə buraxılanların sayı daha çoxdur. Lakin təhlükə tam aradan sovuşmayıb və bunu əhalimiz də düzgün dərk etməlidir. Bəzən insanlar arasında “koronavirus yoxdur!”, “koronavirus bir oyundur!”, yaxud da “bu virus bəzi hegemon dövlətlərin dünya əhalisinə repressiv tədbirləri üçün lazımdır!” və s. bu kimi fikirlər və şayiələr dolaşır. Sosial şəbəkələrdə bu barədə qeyri-sağlam düşüncələrə, hətta aqressiv ittihamlara da rast gəlirik. Qərbdə belələrinə “koronaidiotlar” deyilir və onlara qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər də görülür.
Qeyd edim ki, virusdan qorunmaqla bağlı qaydalara və metodiki göstərişlərə əməl etmək hamımızın borcudur. Kimsə düşünməsin ki, ona heç nə olmaz. Mən mətbuatda və televiziyada dəfələrlə bəyan etmişəm ki, virus çox qorxuludur və hər kəs yoluxa bilər. Bizim sağlam həyatımız ətrafımız, ailəmiz, övladlarımız, vətəndaşılarımız və dövlətimiz üçün vacibdir. Buna görə də hər bir kəs öz məsuliyyətini ciddi dərk etməli, Operativ Qərargahın göstərişlərinə düzgün əməl etməlidir. Xüsusilə ictimai yerlərdə, nəqliyyatda məsafə saxlanılmalı, maskalardan istifadə edilməlidir”